Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar
Sağlamlıq imkanları məhdud uşaqların təhsil və tərbiyəsi – orta ümumtəhsil məktəblərində də diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan bu uşaqların normal vətəndaş və şəxsiyyət kimi formalaşmasında elmin, təhsilin və tərbiyənin rolu böyükdür. Bu uşaqlar dövlət qayğısı ilə əhatə olunurlar.
Ümummilli lider H.Əliyevin “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında, Azərbaycan respublikasının qanunu”nda (19 iyun 2001-ci il) irəli sürdüyü əsas tələblər, şəxsiyyətin inkişafına təkan verən amillərdəndir.
Hazırda məktəbimizdə 109 nəfər Xüsusi Qayğıya Ehtiyacı Olan sağlamlıq imkanları məhdud şagird təhsil alır. Onlardan 9 nəfəri məktəbdə açılmış xüsusi sinifdə, 81 nəfəri evdə xüsusi proqramla, 19 nəfəri isə evdə ümumi proqramla təhsil alır. XQEO şagirdlərimiz Qaradağ rayonunun müxtəlif qəsəbələrində yaşayırlar. Onların təlim-tərbiyəsi ilə həm məktəbimizin müəllimləri, həm də rayonun digər məktəblərindən olan müəllimlər məşğul olurlar.
24 noyabr 2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri xanım Mehriban Vəliyeva müvafiq heyətlə məktəbimizdə olmuş Xüsusi Qayğıya Ehtiyacı Olan uşaqların təlim-tərbiyəsi prosesi və şəraiti ilə maraqlanmış, tövsiyələr vermiş, problemlərin həllini nəzarətə götürmüşdür.
Xüsusi təhsilin əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərə həyat üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaq, cəmiyyətə qovuşmalarını təmin etmək, özünə xidmət bacarıqlarını formalaşdırmaq, yaradıcı əmək fəaliyyətinə və ailə həyatına hazırlamaqdan ibarətdir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiyalı təliminin təşkili, həmin müəssisələrdəki mövcud problemin aradan qaldırılması, dinamik inkişafının təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar “İnkişaf Proqramı” 2005-2009-cu illəri əhatə edən tədbirlər planı hazırlandı. Bu tədbirlər planında sağlamlıq imkanları məhdud uşaqların valideynlərinə, tərbiyəçi və müəllimlərinə göstəriləcək köməklik öz əksini tapmışdır. Xüsusi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edən qanun, bu tipli məktəblər qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrdən biri, ən vacibi insanın yüksək dünyagörüşə malik, öz milli mədəniyyəti, ədəbiyyatı, incəsənəti haqqında biliklər sisteminə yiyələnməsi, yaşadığı ölkənin dövlət quruculuğunda baş verən dəyişiklikləri dərk etməsi və həmin prosesdə iştirakının təmin edilməsidir. Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların təhsilinin təşkili üzrə hərtərəfli imkanlar mövcuddur.
Qeyd edək ki, sağlamlığında ciddi qüsurları olan elə uşaqlar vardır ki, onlar daha artıq qayğıya möhtacdırlar, onların təhsilinin təşkili xüsusi forma, yanaşma tələb edir.
“İnkişaf Proqramı”nın 15- ci bölməsində inklüziv təlimin həyata keçirilməsi ardıcıllığı göstərilmişdir. İlk növbədə yüngül formalı anormallığı olan uşaqların, fiziki cəhətdən qüsurlu uşaqların, son mərhlədə ağır formalı çatışmazlığı olan uşaqların ümumtəhsil məktəblərinə keçirilməsi nəzərdə tutulur.
Qeyd etmək lazımdır ki, Proqramda inklüziv təhsilin formaları nəzərə alınmamışdır. İnklüziv təhsil formasının, hansı şəraitdə tətbiqinin daha məqsədəuyğun olduğu müəyyənləşdirilməlidir. Uşaqların əqli və fiziki imkanlarından, inkişaf perispektivlərindən və fərdi psixi keyfiyyətlərindən asılı olaraq, onlar üçün inklüziv təhsilin uyğun gələn ən optimal variantı seçilir.
Azərbaycanda uşaqların inklüziv təhsil layihəsinin həyata keçirilməsindən artıq 8 (səkkiz) il keçir.
Xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətin layiqli üzvü etmək hamının diqqətindədir. Onlara sağlam uşaqlarla bir yerdə təhsil almaq şansının verilməsi isə yaşamaq həvəsini, gələcəyə inam hissini, özlərinə inamı, müstəqil qərar vermək imkanı yaradır və artırır. Artıq sağlamlığı məhdud uşaqlar da öz hüquqlarını bilir, tələb edir, cəmiyyətin bərabər hüquqlu bir üzvü olduqlarını sübut etməyi bacarırlar.
Hazırda xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi işləri müvəffəqiyyətlə davam etdirilir. UNESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Bakıda, Sumqayıtda və respublikanın bir sıra rayonlarında xüsusi təhsil müəssisələrinin təmiri və yenidən tikintisi ilə bağlı böyük işlər görülür.
Xüsusi təhsilin hüquqi bazasının yenidən qurulması, maddi-texniki təminatın yaxşılaşdırılması işləri ilə yanaşı, bu sahənin elmi-metodik təminatının möhkəmləndirilməsi və xüsusi korreksiyaedici pedaqogikanın (defektologiyanın) müxtəlif istiqamətlərində, zamanla ayaqlaşan müasir həyatın tələblərinə cavab verən elmi-tədqiqat işlərinin aparılması da olduqca vacibdir. Bu şərəfli və çətin missiyanı Təhsil Problemləri İnstitutunun inklüziv təhsil şöbəsi həyata keçirir. Şöbə əməkdaşları bu problemlərlə bağlı dünyada baş verən dəyişikliklərin təhsildə yaratdığı prioritetləri sahəsində geniş tədqiqat işləri aparırlar. Tədqiqatlar əsasən aşağıdakı istiqamətləri əhatə edir.
* xüsusi təhsil sisteminin modernləşdirilməsi və onun kütləvi təhsillə inteqrasiyasının əsas istiqamətləri;
* ali və orta peşə ixtisas təhsili məktəblərində defektoloqların hazırlanmasının təkmilləşdirilməsi;
* psixi inkişafında ləngiməsi olan uşaqların, tibbi-psixoloji reabilitasiyası və ümumi təhsil sisteminin inteqrasiyası;
* eşitməsi qüsurlu uşaqlarda təfəkkürün inkişafı;
* intellektual inkişafın problemli kiçikyaşlı məktəblilərin təfəkkürünün təlim prosesində inkişaf etdirilməsi imkanları;
* görməsində problemləri olan uşaqlarda müəllim-defektoloqların və tiflopedaqoqların birgə işinin təşkilinin psixoloji əsasları.
İnklüziv təhsil şöbəsi, həmçinində xüsusi təhsilin məzmununun yeniləşdirilməsi, metodik vəsaitlərin, proqram və dərsliklərin işlənməsi, təkmilləşdirilməsi ilə məşğuldur.
İnklüziv yarandıgı gündən şöbə əməkdaşları xüsusi təyinatlı məktəbəqədər müəssisələr üçün (kar və zəifeşidən, əqli qüsurlu, kor və zəifgörən, nitqi qüsurlu) proqramlar, zəifeşidənlər üçün əlifba dərsliyi, kar və zəifeşidənlər üçün latın qrafikalı yeni daktil əl əlifbası, xüsusi tipli məktəblər üçün metodik vəsaitlər və fənn proqramları hazırlamışlar (Bu günə kimi hazırlanmış proqram və dərsliklər işıq üzü görməmişdir).
Xüsusi tipli məktəblərin I sinifləri üçün “Əlifba” dərslikləri təkmilləşdirilib, yenidən işlənmişdir. (Zəifeşidən uşaqlar üçün hazırlanmış yeni “Əlifba” dərsliyi və yazı qaydaları T N çap olunmaq üçün verilmiş, nəticədə məlum olmuşdur ki, “Əlifba” dərsliyi itmişdir. Müəllif D.Dostuzadə).
Hal-hazırda xüsusi təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Yuxarıda adı çəkilən Xüsusi təhsil Qanunu “İnteqrasiyalı təhsilin təşkili” adlanan 12-ci maddəsində deyilir: Təhsil müəssisələrində psixoloji-pedaqoji və tibbi göstəricilərə (əks göstəricilərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisələrdə sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir. Bu o deməkdir ki, sağlamlıq imkanları məhdud hər bir uşaq öz inkişafı üçün ona uyğun imkanlarını inkişaf etdirən şəraitdə təlim-tərbiyə almalıdır. Bu kompleks tədbirlər, bir çox mütəxəssisin-defektoloq, loqoped, həkim və s. daxil olduğu qrupun birgə əməyi deməkdir (əfsuslar olsun ki, inklüziv təhsilə cəlb olunmuş məktəblərin əksəriyyətində bu mütəxəssislər demək olar ki, yoxdur).
Xüsusi fənn proqramında göstərilir ki, uşaqların təliminə kompleks yanaşılır. Nəzərdə tutulur ki, uşaq təlim alaraq inkişaf edir və əksinə, inkişaf edərək təlimlənir. İnklüziv təhsil müddətində mütəxəssislər qrupu mütəmadi olaraq uşaqların təlim aldığı qrup və siniflərdə monitorinqi keçirməli və assisentlərə, müəllimlərə, tərbiyəçilərə və valideynlərə məsləhətlər verməli, onların suallarını cavablandırmalıdırlar. Kompleks müşahidə il boyu uşaqların hərtərəfli, düzgün inkişafına zəmin yaradır və lazım gəldikdə FTP-na dəyişiklik edərək optimal korreksiyaedici planların, proqramların tərtib edilməsinə kömək edir.
Kütləvi məktəblərdə inklüziv təhsilin tətbiqi iqtisadi cəhətdən xüsusi təhsilin daha ucuz alternativi sayıla bilməz. Xüsusi məktəblərin xüsusi avadanlığı, xüsusi pedaqoji texnologiyaları, fərqli tibbi və psixoloji xidməti var.
Görmə, eşitmə, nitq və s. ciddi qüsurları olan uşaqları xüsusi ibtidai təlim keçəndən sonra, kütləvi məktəbə inteqrasiya etmək daha məqsədəuyğundur.
Ağır və mürəkkəb qüsurlu uşaqların təhsili isə ancaq xüsusi məktəblərdə mümkündür.
Xüsusi məktəb öz şagirdlərini kütləvi məktəbə keçidə hazırlamalıdır. Kütləvi məktəbə keçidin mümkünlüyü və məqsədəuyğunluğu uşağın inkişaf səviyyəsi və adaptasiyasının xarakterindən, valideynlərinin istəyindən və belə şagirdi qəbul etməyə şəraiti olan məktəbin yaxın ərazidə olmasından asılıdır. Məktəb proqramının mənimsənilməsindəki problemlər, psixoloji problemlər və s. həm də xüsusi müəllim-psixoloqların dəstəyi və köməyi ilə müşayiət olunmalıdır.
Bütün bu problemlərin müsbət həll edilməsi üçün xüsusi təhsil sisteminin yeni ideologiyası işlənməlidir:
* çox variantlı təhsil sisteminin formalaşdırılması;
* xüsusi qayğıya eştiyacı olan uşaqların həyatının keyfiyyətinin yaxşılaşdırılmasını və müvəffəqiyyətli sosializasiyasını təmin edən təhsil standartlarına keçid;
* xüsusi qayğıya ehtiyacı olan uşaqların effektiv psixoloji-pedaqoji və tibbi-sosial müşayiət sisteminin yaradılması;
* xüsusi məktəb müəllimlərinin, psixoloqların və həmçinin kütləvi məktəb müəllimlərinin hazırlanması və təkmilləşdirilməsi sisteminin yenidən qurulması.
Xüsusi qayğıya ehtiyacı olan və tədrisdə çətinlik çəkən uşağın inklüziv siniflərdə oxuması ilə qərar verilərsə, seçim meyarları uşaqları seçmək üçün yox, onların müxtəlif inkişaf səviyyələrini müəyyən etmək üçün işlənməlidir.
Xüsusi qayğıya ehtiyacı olan uşağın təhsildə uğuruna təsir göstərən başqa faktorlar da mövcuddur. Bunlar uşağın ailəsinin vəziyyəti, imkanları, dövlət tərəfindən verilən təminat, mütəxəssislər (loqoped, fizizoterapevt, əmək terapevti) və təhsil müəssisələrində tərbiyəçi-müəllimlə uşaq arasında yaranan münasibətləri əhatə edir. Hər hansı xüsusi qayğıya ehtiyacı olan uşağın təhsilə və cəmiyyətə uğurlu inteqrasiyasından söhbət açanda məhz bu faktorların əlaqəli olması və hər birinin lazımi səviyyədə vurğulanması zəruridir.
Məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsil barədə qərar verildikdə uşağın diaqnozunun “çətin” olub-olmamasına yox, inkişaf xüsusiyyətlərinə və onlara təsir göstərən faktorlara kompleks şəkildə baxılmalı və zəruri dəstək təmin edilməlidir. Əks halda bağça mühüti xüsusi qayğıya ehtiyacı olan uşağın emosional və psixoloji vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxara bilər.
Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Təhsilin normativ hüquqi bazasının təkmilləşdirilmiş maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı əsasında geniş tədbirlər həyata keçirilmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün, təhsilin idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurlarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir.
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strate-giyası”nda nəzərdə tutulur ki, təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir.
Stradegiyanın məqsədi:
1. Səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumların hazırlanması;
2. Kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin olunması;
3. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması;
4. Təhsil verənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən sistemin yaradılması;
5. Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması;
6. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil və sosial adaptasiyası üçün imkanların təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modelinin tətbiq edilməsi;
7. Distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil müəssisələri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlər yaradılması.
Maddi-texniki və metodoloji baza, tələb olunan səviyyədə kadr potensialı olmadığı halda, xüsusi təhsilin tam inteqrativləşməsindən söhbət aparmaq hələ tezdir. Mövcud olan xüsusi tipli təlim müəssisələrində, həm də ümumtəhsil müəssisələri daxilində inklüziv təhsil həyata keçirilir.
Sağlamlıq imkanları məhdud şəxslərə ictimaiyyətin münasibətini köklü surətdə dəyişmək, insanlarda bu şəxslərə dözümlülük, tolerantlıq tərbiyə etmək lazımdır. Cəmiyyət bu insanları özünün ayrılmaz bir hissəsi kimi qəbul etməli və onlara qayğı ilə yanaşmalıdır. Bu insanlar üçün iş yerləri açılmalı, onlar öz imkanlarına uyğun peşələrə yiyələnməlidirlər.