VII, VIII, IX siniflərdə intiharın profilaktikası, qarşısının alınması tədbirləri keçirilib.
Hazırda intihar, çox mürəkkəb qlobal bir fenomendir və bu bütün dünyanı narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 000 insan intihar səbəbindən həyatını itirir, hər 40 saniyədən bir kimsə, həyatına qəsd edir və onların arasında kişilər üstünlük təşkil edir. Tədqiqatlara əsasən intiharın əsas səbəbinin depressiya olduğu deyilir.
İnsanların, xüsusilə, uşaq və gənclərin internetdə çox vaxt keçirməsi, arzuolunmaz məlumatlarla yüklənməsi onların həyatını yanlış istiqamətə yönəldir, mənəvi boşluq, ümidsizlik yaradır, hər hansı fəaliyyətə, aktivliyə marağı söndürür. Belə hallar da sonda intihara yol aça bilir. Bu mənada uşaqların və gənclərin asudə vaxtının təşkil edilməsi çox önəmlidir. Onların hansı məşğuliyyətlərə maraq göstərməsini müəyyən etmək, yaxud belə maraqların yaranması üçün lazım olan şərait və vasitələrdən istifadə etmək çox vacibdir. Çünki, onların özlərini ifadə və təsdiq edə biləcəkləri məşğuliyyətlərə cəlb olunması müsbət nəticələr verir.
Hər bir tarixi dövr öz yaşantıları ilə bizə nələrisə diqtə edir. Heç kimə sirr deyil ki, bütün dünyada, o cümlədən ölkəmizdə COVİD-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi insanlarda bir sıra maddi, sosial problemlərə yol açaraq ardından psixoloji sarsıntıları gətirməkdədir. İnsanların evlərə qapanması, aktiv həyat tərzindən uzaqlaşması, sosial mühitdən kənar qalması, müharibə və xəstəlik səbəbindən yaxınlarını itirmək qorxusu, mütəmadi olaraq ətrafdan eşidilən neqativ xəbərlər, gündəlik qeyri-müəyyənlik bir növ depressiv vəziyyət formalaşdırır.
İntihar hallarının azalması üçün ilk növbədə maarifləndirmə tədbirləri ilə yanaşı, inam telefonlarının, psixoloji məsləhət xidmətinin inkişaf etdirilməsi, həssas təbəqədən olan insanlarla işləyən mütəxəssislərin bu sahədə məlumatlandırılması, intihar düşüncələrinə malik insanların dərhal psixoloji və psixiatrik xidmətə yönləndirilməsi lazımdır.
Çoxsaylı problemlər məngənəsində intiharı çıxış yolu kimi qəbul edən insanı xilas etmək üçün preventiv tədbirlərə, həssas münasibətə, xüsusilə ailə üzvlərinin, doğmaların və yaxınların diqqət və qayğısına əsaslanan addımlar atmalı, ictimai müzakirələrdə ehtiyatlı davranmalıyıq. Diqqəti həm dəyişdirilməsi mümkün olmayan ağır nəticələr haqqında , həm də və daha cox onun baş verməsinə səbəb olan stereotiplərin, bəzən adət ənənə adı altında cəmiyyətə təqdim olunan zərərli vərdişlərin, hec bir hüquqi və mənəvi cərcivələrə sığmayan zorakı davranışların aradan qaldırılmasına yönəltmək lazımdır. Özü də bu hər birimizin bir fərd,hamımızın bir toplum olaraq birgə görəcəyimiz bir iş olmalıdır. O zaman həyat hər kəsi bir andaca ondan imtinaya deyil, daha çox onu sevə-sevə yaşamağa ruhlandıracaqdır.