228 saylı tam orta məktəbdə əyani dərslər
Fevralın 1-dən Bakı şəhəri Əliheydər Kazımov adına 228 saylı tam orta məktəbin ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsilə start verilib. Məktəbdə həmin siniflərin Azərbaycan və rus bölmələrində 944 şagird təhsil alır.
BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin gedişini izləyib və 228 saylı məktəbi də monitorinq edib.
Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.
Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.