"Od vurub qəlbimə 20 Yanvar"
Yanvarın 17-də ibtidai sinif müəllimi Gülnarə Qurbanovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Od vurub qəlbimə 20 Yanvar" mövzusunda sinif təşkilat saatı keçirilib.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.
Gülnarə xanım çıxış edərək bildirib ki, vətən, millət uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın əziz xatirəsini yad etmək hər birimizin mənəvi borcdur. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 30 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Təşkilat saatında daha sonra şagirdlər vətən uğrunda canını fəda etmiş şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.