Məktəbimizdə Dövlət Bayrağı Günü təntənə ilə qeyd olundu

Məktəbimizin akt zalında 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirildi. Tədbir iştirakçıları Azərbaycan Dövlət Himnini oxudu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Qardaşxan Səlimov açdı. O, bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək, üç rəngli bayrağımızın zəfər yolundan söhbət açdı. Tarix müəllimi Təranə Cəbiyeva 100 il öncə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən üç rəngli bayrağımızın təsdiq edildiyini, bu günkii günə qədər dövlət bayrağımızın əzəmətlə dalğalandığını qeyd edərək, hamını üç rəngli bayrağımızı göz bəbəyi kimi qorumağa çagırdı. Sonra məktəblilər “Çırpınırdı Qara dəniz” mahnısını və milli rəqsləri ifa etdilər. Üç rəngli bayrağa həsr olunan poeziya çələngini isə əsgər geyimində olan ibtidai sinif şagirdləri ilə bərabər yuxarı sinif şagirdləri söylədi. Həmin gün bayrağa vəsf olunan müdrik fikirlər, mahnılar da hamıya xoş ovqat bəxş etdi. Tədbirin yekununda səhnəyə Azərbaycanın Dövlət Bayrağını idman yarışlarında fəxarətlə dalğalandıran məktəbimizin idmançıları dəvət olundu. Əllərində Azərbaycan bayrağını əzəmətlə tutan, idmanın müxtəlif sahəsində respublika, şəhər və rayon birinciliyinin qalibləri olan gənc idmançıları hamı alqışlarla qarşıladı. Dövlət Bayrağı Gününə həsr olunan bayram şənliyi “Azərbaycan bayrağı” mahnısı ilə yekunlaşdı.