TTM tərəfindən 9-cu sinif sınaq imtahanı keçirildi
Bu gün mərkəz-məktəbimizdə IX sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlıq məqsədilə Təhsil Texnologiyaları Mərkəzi tərəfindən sınaq imtahanı keçirildi.
Təhsil Nazirliyi tərəfindən yeni təsis edilmiş TTM-n bu kimi monitorinqləri və imtahanları təhsilin keyfiyyəti baxımından olduqca əhəmiyyətlidir. 3-4 ay öncəki mənzərə bundan ibarət idir ki, 9 il təhsil alan şagird cavab kartını doldura bilmirdi. Halbuki, həmin şagird 9 il KSQ və BSQ-lər verib. Sual yaranırdı:məktəb hansı təhsil metodikasını tətbiq edib?
I yarımilin BSQ-lərini məktəb rəhbəri olaraq tam nəzarətə götürdük və ilk dəfə bu məktəbdə Dövlət İmtahan Mərkəzinin tam tələblərinə uyğun olaraq testlər verildi: Azərbaycan dili - mətn üzərində, Riyaziyyatdan açıq tipli testlər,hətta tarixdən-açıq tipli testlər tətbiq etdik.
Üstəlik, TTM-n monitorinqlərinə olduqca ciddi yanaşırıq və şagirdlərimizi bu monitorinqlərə təqidlə dəvət edirik.
Bütün bu tədbirlər bir məqsədə xidmət edir: təhsilin keyfiyyəti qalxır, şagirdlərdə və müəllimlərdə məsuliyyət hissi artır.
Bu tədbirlərlə yanaşı şişirdilmiş, yalançı qiymətlərə qarşı çıxırıq, müəllimlərimizi ədalətli, obyektiv qiymətləndirmə siyasətinə üstünlük verməyə çağırırıq.
Deyə bilərsiz,bütün bunları niyə söyləyirik, guya peşəkar təhsil işçiləri bunları bilmir?
Baxın, bugünkü sınaq imtahanda 504 yer olduğu halda, Sabunçu rayonundan cəmi 147 şagird qatılıb, onların əksəriyyəti bizim məktəbin şagirdləridir. Səbəb: əldə etdiyimiz məlumatlara görə, bəzi müəllimlər bu kimi imtahanların "boş şeydi", "heç bir əhəmiyyəti yoxdur" kimi ifadələrlə şagirdlər və valideynlər arasında antitəbliğat apararaq şagirdlərin bu imtahanlara,monitorinqlərə qatılmalarına maneə olurlar.
Maraqlıdır,həmin müəllimlər Təhsil Nazirliyinin işçisi hesab olunur, Təhsil Nazirliyindən əmək haqqı alır və, digər tərəfdən, öz "muxtar siyasətini" yeridir. Bəs Təhsil Nazirinin "Təhsildə keyfiyyət ili" əmrindən həmin müəllimlərin xəbəri yoxdur?
SUAL YARANIR: həmin "müəllimlər" nədən narahatdır? Öz keyfiyyətsiz əməllərinin üzə çıxmasından, yalandan sinif jurnallarını saxta qiymətlərlə doldurmalarından, KSQ-ləri ordan-burdan,metodik vəsaitdən kopiya edib formal yanaşmalarından,yoxsa TTM-n yaranıb fəaliyyət göstərməsindən və,beləliklə, əməkdaşlıq etdikləri "kursların öhdəliklərindən"? NƏDƏN NARAHATSINIZ ay bəzi "müəllimlər"? Axı Siz şərəfli peşə sahibisiniz! Siz pedaqoqsunuz,cəmiyyət üçün nümunə,etalonsunuz. Siz yeniyetmələrə, gənclərə örnəksiniz!
Suallarım cavabsız qaldığından fikrimi tamamlayıram: kim işlədikləri məktəblərin dövlət ümumtəhsil müəssisə olmalarını, həmin müəssisələr tərəfindən Dövlətimizin təhsil strategiyasının həyata keçirilməsini, Dövlət Başçının təhsilin Azərbaycan xalqına xidmət etməsi barədə dəfələrlə tapşırıq və çıxışlarını unudubsa bir daha düşünün: Sizlər dövlətə, yeniyetmələrə, Azərbaycanın gələcək nəsillərinə xidmət edir,yoxsa şəxsi,çirkin,eqoist,darçərçivəli,dardünyagörüşlü maraqlara?
Düşünək və bir daha düşünək.