HAQQIMIZDA

Bakı şəhəri Firuz Bayramov adına 22 nömrəli tam orta məktəb Sabunçu rayonu Maştağa qəsəbəsi Daş Karxanası yaşayış massivində yerləşir. Məktəbin ibtidai tədris korpusu 1992-ci ildə, əsas tədris korpusu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 27.02.2006-cı il tarixli Sərəncamına əsasən 01.09.2007-ci il tarixdə istifadəyə verilmişdir.

Məktəb Qarabağ döyüşlərində şəhid olmuş Daş karxanası sakini Firuz Əli oğlu Bayramovun adını daşıyır.

Əsas korpus üç mərtəbədən, 33 sinif otaqlarından ibarət olaraq 720 nəfər şagirdin təhsil alması, ibtidai korpus isə 2 mərtəbədən və 10 sinif otaqlarından ibarət olaraq 240 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur.

Hal-hazırda məktəb ikinövbəli, altı (6) günlük iş və tədris rejimində çalışaraq 134 nəfərlik pedaqoji heyətlə 2691 şagirdə xidmət göstərir.

Məktəbdə 38 ibtidai və 54 yuxarı siniflər fəaliyyət göstərirlər.

Məktəbin yenidən qurulmuş və müasir tələblərə cavab verən zəngin kitabxanası, informatika, kimya, fizika kabinetləri, tibb otağı, idman zalı, arxiv otağı və hər iki korpusda bufetləri şagirdlərin və müəllimlərin xidmətindədirlər.

Məktəbin tədris prosesində təhsilin keyfiyyətinə, kurikulum standartlarının tələb olunan səviyyədə icra olunmasına, şagird nailiyyətlərinin izlənilməsinə, şagirdlərdə biliklə yanaşı, dünyagörüşlərinin artırılmasına, estetik, mədəni zövqün formalaşmasına, mədəni davranmalarına, intizamlı olmalarına, zərərli vərdişlərdən uzaq olmalarına ciddi nəzarət edilir.

Hər həftə planlı şəkildə Açıq Dərslər keçirilir, rəhbərlik tərəfindən dərs dinləmələr aparılır, Dövlət Bayramları və əlamətdar tarixlərlə bağlı, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevlə, digər tarixi şəxsiyyətlərlə, alimlərlə, ziyalılarla, yazıçılarla, şəhidlərimizlə bağlı silsilə tədbirlər, dəyirmi masalar, Açıq Dərslər, kütləvi tədbirlər təşkil olunur.

Məktəb rəhbərliyi həvəslə şagirdləri müxtəlif müsabiqələrə, olimpiadalara və tədbirlərə cəlb edir və bu məsələyə ciddi önəm verir. Fənn, rəsm, şeir, idman (futbol, voleybol, tennis, badminton, velosiped, şahmat və s.), hərbi vətənpərvər və digər müsabiqələrə şagirdlərimiz cəlb olunur və uğurlar əldə edir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Dövlətimizin 1-ci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNESCO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə “Ölkəmizi tanıyaq” Layihəsinə məktəbimizin şagirdləri də cəlb olunaraq Diplomla təltif olunmuşdurlar.

Məktəbimiz 2017-2018-ci tədris ilindən islahatlara start verərək yenidənqurma, ikinci “nəfəs” dövrünü yaşayaraq Vətənimizə, Dövlətimizə, Cəmiyyətimizə bilikli, tərbiyəli, mədəni, dünyagörüşlü, sağlam yeniyetmələrin, gənclərin, Layiqli Vətəndaşların yetişdirilməsini öz qarşısına məqsəd kimi müəyyən etmişdir.

Hal-hazırda məktəbimiz öz intizamına və tədris prosesinin təşkilinə görə Bakı şəhərinin ən nümunəvi məktəblər sırasına daxildir.

Hədəfimiz və missiyamız, məktəbimizi Sabunçu rayonunun ən nümunəvi, Bakı şəhərinin ən nüfuzlu məktəblər sırasına qatmaq, tədrisin keyfiyyəti və buraxdığımız məzunlarımızın nəticələrinə görə Azərbaycanın qabaqcıl məktəbləri sırasında görməkdir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi