"UŞAQ HÜQUQLARI AYLIĞI" çərçivəsində "Dəyirmi masa"

20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda “Dəyirmi masa” təşkil olunmuşdur. Tədbir UBTR Tural Cəmilov, tarix müəllimi Taliyə Quliyeva və kitabxanaçı Adilə Məmmədovanın rəhbərliyi ilə təşkil olunmuşdur.
“Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.
Tədbirdə şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verilmişdir.
Bundan əlavə, Taliyə xanım Quliyeva çıxışı zamanı ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəaların uğurla həyata keçirildiyini şagirdlərin diqqətinə çatdırmışdır.