“Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” adlı tədbir keçirilib

“XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşları “Təhsildən yayınma, erkən nikah – yarımçıq qalan arzular” layihəsi çərçivəsində tədbir keçirib. Əvvəlcə layihə rəhbəri Könül Quliyeva layihənin mövzusu ilə bağlı qısa məlumat verib. Bildirib ki, hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir: "Erkən nikah 18 yaşdan aşağı şəxslərin nikaha daxil olmalarıdır. Tədbirin eksperti “Ahəng Psixologiya və Reabilitasiya İnkişaf Mərkəzi”nin direktoru Vüsalə Əmiraslanova Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikaha daxil olan qadınlar üçün minimum yaş həddi, valideynlik hüquqları və onların məsulyyəti barədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin“ Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddələrinə əsasən müəyyən olunmuş cərimə və azadlıqdan məhrum etmə cəzaları barədə ətraflı məlumat verib. O, eyni zamanda tədbir iştirakçılarına özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli haqqında məlumat verərək, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyəti, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixoloqu anlayışları haqqında məlumat verib. Məktəbin psixoloqu Gülnarə Cəbrayılova isə erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalması amilləri iştirakçıların diqqətinə çatdırıb.