“20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa

10 yanvar 2023-cü il tarixində məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Hüseyn Ağayev və UBR-i Tural Cəmilovun təşkilatçılığı, psixoloq Gülnarə Cəbrayılova, məktəb kitabxanaçıları Adilə Məmmədova və Afət Mirzəyevanın, IX a sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar faciəsi Azərbaycan tarixinin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda dəyirmi masa keçirildi. İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə giriş sözü ilə çıxış edən təşkilatçı Hüseyn Ağayev 33 il bundan əvvəl Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin, eyni zamanda Azərbaycan xalqının milli qürur və şərəf tarixi olduğunu qeyd edib. H.Ağayev bu hadisələrin Azərbaycan xalqının milli mənlik şüurunun yüksəkliyini və yenilməzliyini bir daha sübut etdiyini vurğulayıb. Daha sonra, psixoloq G.Cəbrayılova “1990-cı il 20 Yanvar faciəsini doğuran tarixi şərait” haqqında məlumat verdi. Şagirdlərin təqdimatları dinlənildi. 20 Yanvar faciəsi haqqında videoçarx izlənildi. Otuz üç il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edən çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.