Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili

Məktəbin biologiya müəllimi Elza Cəfərovanın rəhbərliyi altında 8ç sinif şagirdlərinin “Şirvanşahlar Saray Kompleksi” muzey-qoruğuna, Miniatür Kitab Muzeyinə ekskursiyası təşkil olundu. Əvvəlcə məktəblilər Şirvanşahlar sarayının tarixi ilə yaxından tanış olublar. Şagirdlərə bildirilib ki, Şirvanşahlar sarayı — Şirvanşahların (Şirvan hakimlərinin) Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən köhnə iqamətgahıdı. Kompleksə saraydan başqa divanxana, Şirvanşahlar türbəsi, minarəsi, 1441-ci ilə aid saray məscidi, hamam və saray alimi Seyid Yəhya Bakuvinin türbəsi daxildir. Daha sonra Miniatür Kitab Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, dünyada yeganə olan muzey 2002-ci il aprelin 23-də təntənəli surətdə açılmışdır. Xalqımızın Ümumilli lideri Heydər Əliyevin təşəbbüsü və xüsusi göstərişi ilə Zərifə Salahovanın kolleksiyası əsasında yaradılmış olan muzeyin ekspozisiyası 27 vitrində yerləşdirilmişdir. Muzeydə dünyanın 66 ölkəsində nəşr olunmuş 5600 miniatür kitab nümayış olunur. Muzeyin kitab fondunda isə 7500-ə yaxın miniatür nəşr var. Şagirdlər gözəl təəssüratlarla geri dönüblər.