Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "dəyirmi masa"

24.12.2022-ci il tarixində Bakı şəhəri R.Baxışov adına 218 nömrəli tam orta məktəbin kitabxanasında uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayevin rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimi Natəvan Əliyevanın təşkilatçılığı, kitabxanaçı Afət Mirzəyevanın və 10-cu sinif şagirdlərinin iştirakı ilə böyük şair, tərcüməçi, Azərbaycan dövlət himninin banisi Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq "Əhməd Cavad-130" adlı "dəyirmi masa" keçirildi. İlk olaraq uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev çıxış edərək Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planını diqqətə çatdırdı. Daha sonra Azərbaycan dili və ədəbiyyat müəllimi Natəvan Əliyeva Əhməd Cavadın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirdi ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Həmçinin vurğulandı ki, Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti bütün nəsillər üçün hər zaman örnək olub. Sonda şagirdlər tərəfindən hazırlanmış təqdimatlar dinlənildi, şairin şeirləri səsləndirildi.