DƏMİR QANADLI QƏHRƏMAN

    22 fevral 2024-cü il tarixində Vətən müharibəsi qəhrəmanının adını daşıyan 216 №li tam orta məktəbdə qeyd olunan anım günündə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, RİH başçısı Aparatının nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, qulluq etdiyi hərbi hissənin nümayəndələri və məktəb kollektivi iştirak edib.

    Tədbirdən öncə qonaqlar şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlının məktəbin foyesində təşkil olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış oldular. Məktəbin akt zalında davam edən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra qonaqlara Ramiz Qasımov haqqında qısametrajlı film nümayiş olunub və tədbir məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnı, rəqs və səhnəciklərlə davam etdirildi.

    Tədbirin rəsmi hissəsində çıxış edən RİH başçısı Elşən Salahov iştirakçıları salamlayaraq bildirib ki, biz Şanlı Qələbəmizə görə vətən övladlarına borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, bayrağımızı Qarabağda dalğalandırıblar. Çıxışının sonunda bu zəfəri bizlərə yaşadan Ali Baş Komandan cənab İlham Əliyevə və vətənpərvər oğullar yetişdiriklərinə görə şəhid və qazi ailələrinə minnətdarlığı bildirən E.Salahov, şəhidlərimizə Allahdan rəhmət, sağlamlığını itirən qazilərimizə şəfa dilədi.

    Çıxış edən digər qonaqlar şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaət və qəhrəmanlıqlardan danışaraq qeyd etdilər ki, artıq neçə il idi işğalda olan torpaqlarımız igid oğullarımızın, ordumuzun və bu ordunun Müzəffər Ali Baş Komandanının şücaəti, qətiyyəti ilə geri alınıb. 44 gün davam edən haqq savaşında qəhrəmanlarımız bir an belə ruhdan düşmədən, geri çəkilmədən, yüksək ruhla mübarizəni davam etdirərək tarix yazan millət olaraq Zəfər qazandı.

    Tədbirin sonunda qonaqlarla xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi