Sərhəddin Məhəmməd oğlu Yolçuyev 1973- cü ildə Pəmbək mahalının Saral kəndində anadan olub. Könüllü olaraq Vətənin müdafiəsinə gedən Sərhəddin adları erməniləşdirilmiş müsəlman kəndlərinin Kassapen, Mehmana, Drombon, Dovşanlı, Vaqauz, Poqalamer, Qetevanın alınmasında fəal iştirak etmiş, Şaylı, Maqavuz, Levanarx, Dəstəgül kəndlərinin azad edilməsində əsl şücaət göstərmişdir. Ömür tarixcəsi qısa, lakin mənalı olan Sərhəddinin Vətənə məhəbbəti, insanlara sədaqəti sonsuz idi. Elə bu məhəbbətlə də ömrünün yaşıllaşan baharına xəzan dəydi. Sonsuzluğa qədər əbədiləşdi. Sərhəddin Yolçuyev 1994- cü ildə 21 yaşında Qırmızıkənd uğrunda gedən döyüşlərdə şəhid oldu. Şəhidin bir vaxtlar təhsil aldığı 207 saylı tam orta məktəb hal- hazırda Sərhəddin Yolçuyevin adını daşıyır.