“Həyat” Humanitar Dəstək İctimai Birliyi

Nərimanov rayon 258 №-li orta məktəbdə yol təhlükəsizliyi mövzusunda məlumat sessiyası keçirildi 18 oktyabr 2016-cı il tarixdə Nərimanov rayonu 258 №-li məktəbdə yol təhlükəsizliyi pasportunun yaradılması və tətbiqi ilə bağlı məlumat sessiyası keçirildi. Nərimanov rayonu İcra Hakimiyyətinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər. Məlumat sessiyası Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən təşkil olundu. Tədbiri giriş sözü ilə açan 258 №-li məktəbin tərbiyə işləri ürə direktorun təşkilatçı-müavini Sevil Abdullayeva bildirdi ki, təmsil etdiyi təhsil müəssisəsi nəqliyyat vasitələrinin hərəkətinin intensiv olduğu ərazidə yerləşir və bu vəziyyət həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını tələb edir. S.Abdullayeva vurğuladı ki, yol təhlükəsizliyi pasportunun tətbiqi ilk növbədə yol hərəkəti qaydalarına uyğun davranışın formalaşmasına səbəb olacaq ki, bu da yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 46 №-li Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova bildirdi ki, subyektiv səbəblər sırasında yol hərəkəti iştirakçılarının davranışı, onların yol hərəkəti qaydalarını kobud şəkildə pozması xüsusi yer tutur. Belə ki, yol-nəqliyyat hadisələri bir çox hallarda sürücülərin səriştəsizliyi, sürücülük qabiliyyətinin aşağı olması, yol hərəkəti qaydalarına etinasız münasibətdən baş verir. Yol hərəkəti iştirakçılarının, xüsusilə də piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin də sayı kifayət qədərdir. “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Azər Allahverənov öz çıxışında vurğuladı ki, Azərbaycan Respublikasında gündən-günə abadlaşan yol infrastrukturu, miqyası və coğrafiyası genişlənən sürətli yollar, ölkəyə hər il gətirilən on minlərlə yeni model və texniki parametrləri yüksək olan nəqliyyat vasitələri cəmiyyətin sosial, iqtisadi və digər sahələrində bir çox müsbət dəyişikliyə səbəb olur. Amma bu dəyişikliklər yol-nəqliyyat hadisələrinin çoxalmasına, minlərlə insanın əlil olmasına, həyatlarının itirilməsinə səbəb olur. Məktəblər üçün yol təhlükəsizliyi pasportunun tərtib olunması həmin neqativlərin qarşısını alınmasına kömək edəcək. Nərimanov rayon 34 №-li məktəbin müəllimi Mehriban Həsənova, 258 №-li məktəbin müəllimi Xatirə Əlizadə, S.C.Pişəvari adına Respublika humanitar fənlər gimnaziyasının müəllimi Vüsalə Məmmədova və digər iştirakçılar təmsil etdikləri təhsil müəssisələrinin yaxınlığında olan yollarda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, o cümlədən piyada zolaqlarının yenidən rənglənməsi, məktəblərin yaxınlığında xüsusi yol nişanlarının qoyulması və sürətin azaldılması ilə bağlı qərarların verilməsi barədə danışdılar. Tədbirin sonunda Nərimanov rayonu ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələrinə “Yol təhlükəsizliyi pasportunun yaradılmasına dair” metodik tövsiyə paylandı və qərara alındı ki, yaxın bir ay ərzində məktəblərdə bu və ya digər səviyyədə yol hərəkəti qaydaları barədə tədbirlər keçirilsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi