"Qohumlararası nikahın fəsadları" mövzusunda seminar
Məktəbin psixoloqu Aytən Məmmədova IX sinif şagirdləri ilə "Qohumlararası nikahın fəsadları" başlığı altında maarifləndirici seminar məşğələlər təşkil edib. Şagirdlərə qohum evliliklərinin yaratdığı problemlər, uşaqların qüsurlu doğulması riski, qohum nikahlarının səbəbləri, valideynlərin övladlarına göstərdiyi təzyiqlər, elmin üzə çıxardığı həqiqətlərdən danışılıb.
Bildirilib ki, yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu doğulması riski 2-4 faizdirsə, qohum evliliklərində bu risk 4-8 faizdir, yəni 2 dəfə çoxdur. Ona görə də qohum evliliyinə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəsisə müraciət etməlidirlər. Həmin insanlara ilk öncə "soy ağacı" qurulur. "Soy ağacı"nda ailədə hər hansi bir anormallıq, əqli cəhətdən qüsur və ölü doğuşların olub olmadığı dəqiqləşdirilir. Əgər belə xəstəliklər rast gəlinibsə, deməli, risk artır.
Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının xəbərdarlığından, dünya ölkələrindəki qohum evliliklərinin statistik göstəricisindən, Azərbaycanda bu göstəricinin 56% təşkil etməsindən danışılıb. BMT-nin Əhali Fondu Reproduktiv Sağlamlıq üzrə Milli Ofisinin məlumatına görə qohum evliliklərində irsi xəstəliklərin yayılma ehtimalı 15% təşkil edir. Bunlar arasında ən çox yayılanı isə talassemiyadır. Azərbaycan Hemotoloqlar və Transfizioloqlar Cəmiyyətinin məlumatına görə Azərbaycanda hər 12 nəfərdən biri talassemiya xəstəsidir. Bu xəstəliyin daşıyıcıları arasında evlənmə ehtimalı da yüksəkdir. Onların isə dünyaya xəstə uşaq gətirmə ehtimalı 25 faizdir. Uşaqların ana bətnində ölməsi, hamiləliyin erkən bitməsi, ölü doğulma, ürək qüsuru, uşağın aşağı çəki ilə dünyaya gəlməsi faktlarına daha çox qohumlararası nikahlarda rast gəlinməsi şagirdlərin diqqətinə çatdırılıb.