"Xocalını unutmadıq və unutdurmarıq"
Bu gün Xocalı soyqırımı ilə əlaqədar məktəbin tarix müəllimi Fəridə Osmanovanın təşkilatçılığı ilə "Xocalını unutmadıq və unutdurmarıq" adlı tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Xocalı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Osmanova çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələri bölmələrinin təkcə azərbaycanlılara qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə, insanlığa qarşı törətdiyi soyqırımının 32-ci ildönümünün əvvəlki illərdən fərqli olaraq bu il yeni bir məzmunda- qələbə əhval-ruhiyyəsi ilə anılır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını alıb. Lakin, Xocalı soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəkdir.
Mövzu haqqında ətraflı çıxışdan sonra şagirdlərin videoçarxları və təqdimatları nümayiş olunub, şeirlər səsləndirilib.
Tədbirdə 8C sinif şagirdi Hüseynov Osman Xocalı soyqırımına həsr etdiyi şeirini səsləndirib.