"Əsrin qələbəsi"

Məktəbin tədbirlər planına əsasən 8 Noyabr-Zəfər Günü ilə bağlı Bilurə Əliyevanın təşkilatçılığı ilə "Əsrin qələbəsi" adlı tədbir təşkil olunub.
Məktəbdə Zəfər Gününə həsr olunmuş “Dəyirmi masa”lar, “Açıq dərs”lər və rəsm sərgiləri təşkil olunub.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin təşkilatçısı B.Əliyeva çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə son 200 ilin ən böyük qələbəsini qazandıq. Bu Qələbə hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir.
Tədbirdə qələbəyə həsr olunmuş videoçarxlar nümayiş olunub. Daha sonra şagirdlərin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş şeir, mahnı və rəqs nümayiş olunub.
Sonda məktəbin direktoru Xoşqədəm Məmmədova öz çıxışında tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, çıxışında vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olunub, 30 illik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatıb. Nəhayət, bu ilin sentyabrında 23 saat 43 dəqiqə çəkən lokal antiterror tədbirləri ilə düşmənin silahlı dəstələri və separatçı rejimin qalıqları tamamilə darmadağın edilib. Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda Azərbaycan bayrağımız əbədi ucaldılıb və suverenliyimiz bərpa olunub. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan müzəffər ordumuz 44 günlük Vətən Müharibəsi ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi.