Aprel döyüşlərinin il dönümü
4 aprel 2023-cü il tarixində məktəbimizdə “Aprel döyüşlərinin” ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elnur Məmmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi Füzuli Mehrabzadə, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazisi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, qəsəbə bələdiyyəsinin üzvləri, 182 nömrəli tam orta məktəbin direktoru Zinyət Tağıyeva, məktəbimizin direktoru Xoşqədəm Bağırova, gənclər və məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdən öncə Aprel döyüşlərinin şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının məzarları ziyarət olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb, şəhid valideynlərinə böyük ehtiram bildirilib.
Tədbir torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütlə yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.
Tədbirdə çıxış edən Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova 2016-cı il Aprel döyüşlərinin Vətən müharibəsində aldığımız xoş xəbərlər üçün ilk addım olduğunu və Azərbaycan xalqını öz doğma torpaqlarına qayıdacaqlarına əmin etdiyini bildirib. Aprel döyüşlərində qazanılan qələbənin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, hər zaman ölkə başçısının diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin peşəkarlığının, vətənpərvərliyinin və xalqın birliyinin sayəsində mümkün olduğunu və Aprel döyüşlərinin Zəfər tariximiz üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib, şəhidlərin ruhuna ehtiramını bildirib.
Məktəbimizin müəllimi Hökumə Balacayeva Aprel döyüşlərinin şəhidləri-Emin Bağırov və Fəxrəddin Qurbanlının həyatı və qəhrəmanlığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə çıxış edən şəhid Emin Bağırovun qardaşı Yaqub Bağırov Aprel döyüşlərinin Azərbaycan xalqının mənəvi dirçəlişi üçün dönüş nöqtəsi olduğunu vurğulayıb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailələri adından dərin təşəkkürünü və minnətdarlığını bildirib.
Tədbir şagirdlərin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam edib.