“YAY MƏKTƏBİ” ÇƏRÇİVƏSİNDƏ EKSKURSİYALAR

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Yay məktəbi” çərçivəsində ekskursiyalar təşkil edilir.
Məktəblilər üçün ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.
Ekskursiyalar çərçivəsində məktəblilər Hərbi Qənimətlər Parkı, Heydər Əliyev Mərkəzi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Bakı Kitab Mərkəzi, Şirvanşahlar sarayı, görkəmli sənətkarların ev muzeylərinə və digər yerlərə səfərlər edilib.
Hərbi Qənimətlər Parkına ekskursiya zamanı Vətən Müharibəsində müzəffər ordumuzun göstərdiyi igidlik və qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı məlumat verilir. Hərbi Qənimətlər Parkına ekskursiya şagirdlərdə xalqımızın Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, qürurverici hisslər yaşadır.