Məktəbimizdə Novruz şənliyi

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri də məhz Novruz bayramıdır. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəklənir, günəş istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Biz də bu il Novruzu özünəməxsus şəkildə qeyd etdik. Şagirdlər və valideynlərin iştirakı ilə məktəbin həyətində milli mənəvi dəyərləri və Novruz adətlərini özündə əks etdirən tərtibat tədbirə qatılan hər kəsdə xoş bayram əhvalı yaratdı. Bülbül adına musiqi məktəbin şagirdləri və bizim şagirdlərin ifasında səslənən musiqi nömrələri, Ulu Dədə Qorqudun öyüdləri , Novruz tonqalının şölələri bayram tədbirinə xoş ovqat qatdı. Valideynlərin hazırladıqları bir – birindən gözəl bayram xonçalarının bir qismi, eləcə də, uşaqların gözü qarşısında tüstülənən saclarda hazırlanan qutablar şagirdlər tərəfindən nuş edildi.Tədbirə qatılan Səbail rayon İcra Hakimiyyəti İctimai – siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Anar Axundzadə və məktəbin direktoru Ceyran Kuliyevanın bayram təbrikləri alqışlarla qarşılandı. Məktəbdə təşkil edilən bayram şənliyi bir qrup müəllim və şagirdin iştirakı ilə Uşaq Nevrolojı Mərkəzində davam etdirildi. Novruz ənənəsinə sadiq qalaraq bir – birindən gözəl bayram xonçaları mərkəzdəki xəstə balalara ərməğan edildi. Onların sevinci bizim üçün ən böyük Novruz hədiyyəsi oldu.