HAQQIMIZDA

1930-1933-cü illərdə Bakının mərkəzində ucaldılmış kilsə sökülərək, onun yerində yeni məktəb binası inşa edildi. 1937-ci ildə artıq tikintisi başa çatmış binada 189 №-li məktəb tədris ocağı kimi fəaliyyətə başladı. Böyük Vətən müharibəsi illərində məktəb binasında 1546 №-li təxliyə hospitalı yerləşdirildi. 1947-ci ildən isə 189 №-li məktəb tədris müəssisəsi kimi yenidən öz ocağına qayıtdı. Bu tədris ocağının fəaliyyətinə rəhbərlik etmiş direktorlardan Nina Alekseyevna, Əziz Qafaroviç, Taisa Petrovna və Bella Cəlilovanın məktəbin uğurlarında böyük əməyi olmuşdur. Məktəbimiz uzun illər Bakı şəhərində özünəməxsus dəsti-xətti ilə seçilən məşhur məktəblər sırasında olmuşdur. Hər bir məktəbin fəaliyyətini dəyərləndirən onun məzunlarının cəmiyyətdəki mövqeyidir. Hər birimiz Ulu Öndərimizin təbirincə desək -“Həyatda qazandığımız uğurlara görə məktəbə, müəllimə borcluyuq”. 189 №-li məktəbin məzunları arasında da müstəqil Azərbaycanı ləyaqətlə təmsil edən, onun çiçəklənməsinə öz fəaliyyətləri ilə töhfə verənlər çoxdur. 2014-cü ilin sentyabrında Təhsil nazirinin əmri ilə yanaşı binalarda yerləşən 189 və 190 №-li məktəblər birləşdirildi. 190 №-li məktəb barədə də təhsil müəssisəsi kimi xoş sözlər söyləmək olar. 1945-ci ildə fəaliyyətə başlayan 190 №-li məktəbin ilk direktoru Sona xanım Tağıyeva olmuş və o, 59 il bu məktəbə rəhbərlik etmişdir. 1957-ci ildə məktəb üçün yeni bina inşa edilmişdir. Bütün fəaliyyəti boyunca təhsil Azərbaycan dilində həyata keçirilən 190 №-li məktəb özünəməxsus ənənələri ilə seçilmiş, uzun illər şəhərin ən nüfuzlu, qabaqcıl məktəbləri sırasında olmuşdur. Sona xanımın vəfatından sonra məktəbə Əməkdar müəllim Afət xanım Bakıxanova rəhbərlik etmişdir. Hər iki məktəb “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuşdur. 190 №-li məktəbin məzunları arasında da Azərbaycanın nüfuzlu, adlı-sanlı ziyalıları, alim və yazıçıları, bəstəkar və şairləri, bir sözlə, Azərbaycanı ləyaqətlə təmsil edənlər çoxdur. Hazırda 189-190 №-li məktəbə Respublikanın Əməkdar müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Ceyran Kuliyeva rəhbərlik edir. Məktəbdə tədris rus və Azərbaycan dillərində həyata keçirilir. Məktəbimiz Təhsil Nazirliyinin və British Council təşkilatının birgə layihəsi olan “Fun English” layihəsinə, eləcə də “Elektron məktəb” layihələrinə qoşulub. Bundan başqa “Globallab”, “Leap”, “Məktəblərdə futbol və şahmat dərsləri”,  “Məktəblinin dostu”,  “Rəqəmsal bacarıqlar”, “STEAM” layihələri uğurla həyata keçirilir və bu layihələr çərçivəsində  şagirdlərimiz yerli və Beynəlxalq müsabiqələrə qatılaraq qaliblər arasında yer alırlar. Şagirdlərimiz həmçinin “TOPs”, “Jolly Phonics”, “Pətək”, “İngili dili Resurs Mərkəzi” layihələrində iştirak etmiş və bir çox uğurlara imza atmışlar. Məktəbin şagirdləri müxtəlif şəhər və Respublika olimpiadalarında, Beynəlxalq idman, musiqi, rəsm yarışlarında iştirak edir və uğur qazanırlar. Şagirdlərimizin “İnepo”, “Sabahın alimləri” müsabiqə və olimpiadalarındakı uğurları da bizi sevindirir. Hər il məzunlarımızın ali məktəblərə qəbul göstəriciləri  ürəkaçan olur, məzunlarımız arasında xaricdə təhsil alan,  600-dən yüksək bal toplayanların sayı ilbəil artır. Xaricdə təhsil alan məzunlarımızın xaricdəki təhsildən sonra əldə etdikləri səriştə və bacarığı doğma vətənimizin rifahı və inkişafına sərf edəcəyinə əminik.

Məktəbimizdə müəllimlər arasında təcrübəli, peşəkar, öz fənnini dərindən bilən, müasir təhsilin nəbzini tutanlar çoxdur. Onların arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibləri, “Əməkdar müəllim”lər, “Qabaqcıl təhsil işçiləri”, müxtəlif elm sahələri üzrə fəlsəfə doktorları, “Tərəqqi” medalına təltif olunanlar, dərslik müəllifləri var.

BŞTİ - tərəfindən həyata keçirilən “Oxu günlərində” iştirakımızla məktəbimizi layiqli səviyyədə təmsil edə bilmişik. Məktəbimizin şagirdləri arasında beynəlxalq səvilyyəli idman yarışlarında əldə olunan uğurlarımızı da qeyd etməliyik. Fərid Ağayev, Raul Səfərəliyev ardıcıl olaraq müxtəlif beynəlxalq yarışlarda, hətta Avropa cempionatında Azərbaycan bayrağını yüksəklərə qaldıra bilmişlər.

IX sinif buraxılış imtahanları nəticələrinə görə məktəbimiz uzun illərdir ki Bakı şəhərinin məktəbləri arasında öncüllüyü qoruyub saxlamağı bacarır.

Lütfi Zadə adına Məntiq Olimpiadası və fənn müsabiqələrində şagirdlərimizin iştirakı və uğuru da qeyd olunmalıdır.

Məktəbin Fəaliyyət planına əsasən idarəetmə, şagird nailiyyətinin izlənilməsi, məktəbdənkənar fəaliyyət sahəsində reallaşdırdığımız bir çox tədbirlərdə xüsusi xidməti olan kollektiv üzvləri dərs ilinin sonunda rəhbərlik tərəfindən mükafatlandırılır.

Bildiririk  ki, artıq 5 ildir ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə müsabiqədə həm məktəb, həm də məktəbin fiziki tərbiyə müəllimi Namiq Cəfərov uğurla iştirak edir.

2020-ci ilin fevralında məktəbimizin fiziki tərbiyə müəllimi Namiq Cəfərov UNESCO beynəlxalq mərkəzinin üzvü seçilib.

Təhsilalanların təhlükəsiz və harmonik inkişafını təmin edən təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən layihələr məktəbdə tədris prosesinin şəffaf və səriştəli idarə olunması, eləcə də şagird nailiyyətinin yüksəlməsinə öz töhfəsini verir. Məqsədimiz “Hər gün, hər saat, hər an mükəmməlliyə doğru” - devizi ilə Bakı şəhərinin nüfuzlu və qabaqcıl məktəbləri sırasında olmaqdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi