“Muzeylər və Nəsimi irsi” proqramı çərçivəsində fəaliyyətimiz
Şagirdlərimizin asudə vaxtını səmərəli təşkil etmək və tərbiyə işini möhkəmləndirmək, milli-mədəni irsimizin təbliğini və öyrədilməsini təlqin etmək, mədəniyyətimizin qorunub saxlanılmasında şagird məsuliyyətini artırmaq müəllimlərimizin başlıca vəzifələrindən biridir.
Məktəblilərin vətənə məhəbbət ruhunda tərbiyə edilməsində, onlarda vətənpərvərlik hissinin yüksəldildilməsində, milli maddi-mənəvi sərvətlərimiz haqqında şagirdlərin məlumatlandırılmasında, şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatlarıntoplanması və ümumiləşdirilməsi işinin təşkilində ekskursiyaların rolu böyükdur.
Tədris ili ərzində bu sahədə müəllimlər tərəfindən həyata keçirilən fəaliyyət dərs ilinin sonuna yaxın daha geniş vüsət alıb. Qeyd edək ki, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən “Muzeylər və Nəsimi irsi” proqramı da məhz bu istiqamətə fokslanıb və şagirdlərimiz son həftə ərzində "İçərişəhər" və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruqları, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Üzeyir Hacıbəyovun ev muzeyi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar Sarayı Kompleksi, “Qala” Dövlət Arxeoloji-Etnoqrafiya Qoruğu, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylərə səfərlər etmişlər.