Millət vəkilləri məktəbimizin qonağı oldular
Qonaqlar həm ibtidai, həm orta, həm də tam orta təhsil səviyyələri üzrə siniflərdə şagirdlərlə görüşdülər. İbtidai siniflərdə dövlətçilik, vətənpərvərliklə bağlı şagirdlərə verilən sualların kiçikyaşlılar tərəfindən dolğun cavablandırması, I sinif şagirdlərinin ifasında səslənən Azərbaycan Respublikasının Dövlət himni, Səməd Vurğun, hətta Nizami və Nəsimi poeziyasından şagirdlərin ifasında səslənən kiçik şeir nümunələri qonaqları heyran etdi.
IX və X sinif şagirdləri ilə görüşdə təhsil sahəsində həyata keçirilən islahatlat, şagirdlərin bu yeniliklərə münasibəti barədə fikir mübadiləsi aparıldı. Qonaqlarla şagirdlər arasında yaranmış səmimi ünsiyyət hətta şagirdlərin Milli Məclis üzvlərinə bəzi təkliflər verməsinə şərait yaratdı.
XI sinif şagirdləri ilə görüşdə ilk toxunulan mövzu şagirdlərin dünyagörüşünün formalaşmasında müstəsna rolu olan mütaliə oldu. Şagirdlərin bir çoxu son illərdə oxuduqları əsərləri sadalayarkən, bəzi şagirdlərin hətta ingilis dilində mütaliə etməsi qonaqlar tərəfindən maraqla qarşılandı. Məktəbin direktoru Ceyran Kuliyeva son illərdə Təhsil Nazirliyi tərəfindən də bu sahəyə xüsusi önəm verilməsindən, müxtəlif tədbirlərin - müsabiqə və yarışların, eyni zamanda yüksək səviyyəli “Oxu günləri” nin təşkili barədə məlumat verdi. Şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə həm məktəb, həm də uşaqların öz təşəbbüsləri ilə keçirilən tədbirlər də qonaqlar tərəfindən maraqla qarşılandı.Millət vəkilləri tərəfindən şagirdlərə sosial şəbəkələrdən məqsədyönlü istifadə etmələri, cəmiyyətdə baş verən hadisələrə düzgün və düşünülmüş münasibət bildirmək bacarığına yiyələnmələri tövsiyə olundu. Şagirdlərlə görüşün sonunda qonaqlar bir daha şagirdlərə xatırlatdılar ki, onlar ölkə başçısı tərəfindən yaradılan bütün imkanları yüksək dəyərləndirməli və cəmiyyət üçün yararlı vətəndaş kimi formalaşmaq yolunda bütün imkanları səfərbər etməlidirlər.
Sonda Millət vəkillərinin məktəbin psixoloqu, müavinləri və bir qrup müəllimləri ilə aparılan fikir mübadiləsində şagirdlər üçün məmnun məktəb mühiti yaradılması istiqamətində bu təhsil ocağında atılan addımlar müzakirə edildi.
Millət vəkilləri bu görüşdən böyük məmnunluq hissi ilə ayrıldılar.