“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində tədbir
“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Təhsil Nazirliyinin təşkilatçılığı, “AzEduNet”, “Enginet”, “Microsoft” və “Bakcell” şirkətlərinin iştirakı ilə məktəbimizdə maarifləndirici seminar təşkil olundu.
Seminarda iştirak edən şagirdlərə ölkənin ən iri daxili təhsil şəbəkəsi olan Azərbaycan Təhsil Şəbəkəsi (ATŞ) barədə məlumat verildi. Tədbir əsanasında şagirdlərə, eyni zamanda bildirildi ki, sözügedən şəbəkə ümumtəhsil müəssisələrini əhatə edir və təhsil müəssisələrini internet və intranet xidmətləri ilə təmin edir. ATŞ-nin başlıca üstünlüklərindən biri şagirdləri internetin zərərli təsirlərindən qorumasıdır. Belə ki, ATŞ vasitəsilə məktəblərə təqdim edilən internet onlayn mühitdə olan hər hansı arzuolunmaz məzmunlardan avtomatik qaydada təmizlənir və beləliklə, təhsilalanlar veb-məzmunlardan tədris və fərdi inkişaf məqsədləri üçün yararlanırlar.
Tədbirdə şagirdlərə onlayn texnologiyaların və mobil telefonların daha məsuliyyətli və təhlükəsiz istifadəsi ilə bağlı riayət etməli olduqları qaydalar barədə də məlumat verildi.
Sonda şagirdlərə internetdən təhlükəsiz və faydalı istifadəyə dair müxtəlif maarifləndirici materiallar paylandı.