Məktəbdə 24 illik ağrı – acı anıldı

24 il öncə şəhid olan şəhər və faciə yaşamış sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq məktəbin bir qrup müəllim və şagird kollektivi al qırmızı qərənfillərlə “Ana harayı” abidəsini ziyarət etdi. Anım tədbiri məktəbin akt zalında ədəbi bədii kompozisiya ilə davam etdi. Zalda səslənən həzin musiqi, şam işığında qurulmuş tərtibat xüsusi ab – hava yaradırdı. Söylənən şerlər, nümayiş etdirilən slaydlar və videoçarx hər kəsi xəyalən o ilə, o günlərə qaytardı. Oxunan ssenaridə Qarabağın gözəl çağları və bugünkü faciəsi öz əksini tapmışdı. Tədbir Z. Əliyeva adına liseyin dram dərnəyinin çıxışı ilə daha dolğun xarakter almış oldu. “Ana millət, ata millət ağlama” deyən Münəvvərin səsinə sabahın əsgərləri olacaq XI sinfin oğlanları hay verdi. Səhnəyə əsgər paltarında, əllərində dalğalanan üçrəngli bayrağımızla çıxan şagirdlərimiz hər kəsi əmin etdi ki, torpaqlar geri alınacaq, Xocalı yaşıyacaq, lakin bu faciəni xalqımız unutmayacaq və unutmağa haqqı yoxdur.