Ekoloji tərbiyə mövzusunda tədbir
Ekoloji tərbiyə günümüzün daha çox diqqət yetirdiyi sahələrdən birinə çevrilib. Bu da təbiidir. Çünki sağlam ekologiya sağlam cəmiyyət, sağlam yaşayış tərzi deməkdir. Qeyd etməliyik ki, ekoloji tərbiyə hələ kiçik yaşlardan başlamalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hissləri oyatmaq vacib şərtlərdəndir.
Məktəbimizdə şagirdlərin ekoloji təhsili və maarifləndirilməsi, ekologiya və ətraf mühitin mühafizəsi, ekoloji problemlərin müzakirəsi, ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması, təbiətdən davamlı istifadənin təmin olunması məqsədiylə bir sıra tədbirlər keçirilir.
SOCAR-ın Ekologiya İdarəsi və BŞTİ arasında imzalanmış “Əməkdaşlıq Sazişinə” əsasən məktəbimizdə tədbir keçirildi. Ekologiya İdarəsinin Biomüxtəliflik Departamentinin bioloqu Əbülfəs Allahverdiyev “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda maraqlı təqdimatı ilə şagirdlər qarşısında çıxış etdi. Bioloq şagirdlərə Azərbaycanda mövcud olan ekoloji problemlər, nəsli kəsilməkdə olan heyvanlar, qoruqlar, Azərbaycanın zəngin flora və faunası barədə maraqlı məlumat verdi, şagirdlərin çoxsaylı suallarını cavablandırdı.