“Valideynlərimizin peşəsi” layihəsinin növbəti dərsi
2k sinfinin “Valideynlərimizin peşəsi” layihəsi çərçivəsində bu dəfəki dərsi Genetik Resurslar İnstitutunun elmi əməkdaşı valideyn Könül Həsənova tərəfindən tədris olundu. Könül xanım şagirdlərə düzgün qidalanmanın sağlamlığın ən əsas şərtlərindən biri olması, xəstəliklərin çox böyük əksəriyyətinın düzgün qidalanmamaq nəticəsində meydana gəlməsi barədə məlumat verdi. Süni qidaların uşaqların əqli inkişafının formalaşmasına çox ciddi təsirindən söz açan Könül xanım süni qidalara üstünlük verən uşaqlarda oyanıqlıq, itaətsizlik, hiperaktivlik hallarına daha çox təsadüf edildiyini bildirdi.
“Fast food” qidalarının - hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit şagirdlər tərəfindən daha çox qəbul edildiyini təəssüf hissi ilə qeyd edən Könül xanım, bu məhsulların immun sistemini zəiflətməsini, orqanizm üçün zərərini də xüsusi vurğuladı.
Dərsin sonunda Könül xanım süni qidanın insan bədəninə verdiyi zərəri açıq şəkildə nümayiş etdirən bir təcrübə də keçirdi. Əminik ki, bu dərs şagirdlərin yaddaşında uzun müddət qalacaq.