İngilis dili fənn aylığı başa çatdı
Hər il olduğu kimi bu il də ingilis dili aylığı böyük coşqu ilə başladı. Aylığın ilk günü elan stendində ingilis dili aylığının məqsəd və şüarını əks etdirən plakatlar, divar qəzetləri, referatlar asıldı. Elan stendində Böyük Britaniya haqqında çoxsaylı maraqlı məlumatlar, rebuslar, krossvordlar verilmişdir. Ingilis dili aylığı çərçivəsində Səbinə Əliyevanın 6k sinfində “My own`s game” adlı viktorinası, Mahirə Rəfiyeva və İlhamə Hidayətzadənin nümunə dərsləri şagirdlərin yaddaşında maraqlı izlər buraxdı. Dərslərdə ən çox diqqət çəkən şagirdlərin sərbəst danışığı və fikirlərini bu dildə gözəl ifadə etmələri idi.
Aylığın yekun tədbirində şagirdlərin ifasında müxtəlif səhnəciklər, “Qırmızıpapaq” nağılı, müxtəlif şeir parçaları səsləndi. Şekspirin soneti və 11a sinif şagirdi Xaneqahi Əlihadinin ifasında Hamletin monoloqu böyük maraq doğurdu. Ibtidai sinif şagirdləri də öz gözəl çıxışları ilə zaldakıları heyran etdilər. Aparıcıların ingilis dilində sərbəst şəkildə tədbiri idarə etmələri qonaqlar tərəfindən bəyənildi.
Tədbirin sonunda tədbirdə iştirak edən ETS rəhbəri Həmid Adjoba ingilis dili aylığı haqqında xoş sözlər söylədi.