GLOBALLAB layihəsinin qalibiyik

UNESCO, UNESCO İnstitute for İnformation Technologies in Education, UNESCO – Learning for the Future, GlobalLab, Baku European Lyceum xətti və dəstəyi ilə keçirilən Beynəlxalq “GLOBALLAB “ meqalayihəsi dünya xalqlarının müasir mədəni – ekoloji ənənələrini yaşatmaq məqsədinə xidmət edir. “ Planetin təbii ehtiyatlarının qorunması” layihəsi bu gün bütün bəşəriyyəti, bütün insanlığı narahat edən və düşündürən çox qlobal məsələyə - ekoloji problemlərə həsr edilmişdir. Təbiətin 4 ünsürünün - Su,Hava,Torpaq, Od - adı ilə adlandırılan və dörd mərhələdən ibarət olan genişmiqyaslı layihənin I mərhələsinə yekun vurulmuşdur. “Su ehtiyatları” adlanan bu mərhələdə məktəbimiz uğurla iştirak etmişdir. Həyat mənbəyi olan su haqqında şagirdlərin bədii yaradıcılığı, tükənməkdə olan içməli suyun qorunması və su hövzələrinin çirklənməsinin qarşısının alınmasına dair elmi araşdırma səviyyəsində işlənmiş təqdimat və təkliflər, döş nişanları, şüarlar, ekoloji mövzuda kiçik səhnəciklər, mövzu və texnika baxımından mükəmməl əl işləri və sərgilər hər kəsin marağına səbəb olmuş, diqqət çəkmişdir. Müsabiqəyə təqdim edilmiş onlarla iş arasında məktəbin bir neçə bölmə üzrə fərqlənməsi və “Ən yaxşı sərgi”, “Ən yaxşı estetik təqdimat ”, “Elmi yanaşma” nominasiyalarında uğurlu işinə görə Sertifikatla təltif edilməsi hər kəsi sevindirir. I mərhələnin nəticələrinə əsasən məktəbimiz “Planetin təbii ehtiyatlarının qorunması” layihəsində iştirakına görə “ Sertifikatla təltif edilmişdir. Məktəb rəhbərliyi müsabiqədə obyektiv və prinsipial mövqe nümayiş etdirdiyinə görə Avropa Liseyinin rəhbərliyinə ,təşkilat komitəsinə və münsiflər heyətinə öz dərin minnətdarlığını bildirir.