“Qardaşlaşmış məktəblər”

Məktəbimiz bu günlərdə önəmli xarakter daşıyan daha bir yeni layihəyə qoşularaq beynəlxalq arenaya çıxmış oldu. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Ilboyu bilik” proqramı üzrə “Qardaşlaşmış məktəblər” layihəsini həyata keçirir. Layihəyə imza atmış onlarla məktəb arasında bizim 189-190 №-li məktəb də vardır. “Qardaşlaşmış məktəblər” layihəsi Azərbaycan məktəbliləri ilə yanaşı Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşir. Layihə Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə reallaşır. Fevralın 13-də direktor Ceyran xanım başda olmaqla məktəbimizin bir qrup müəllim və şagirdi Moskva şəhəri 1273№-li ingilis dili təmayüllü məktəbin, Ankara şəhəri “Heydər Əliyev ilkokulu”nun və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri ilə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişlər. Daha sonra nümayəndə heyəti məktəbimizin qonağı olmuş,fənn kabinetlərini gəzmiş, Heydər Əliyev muzeyində təşkil edilmiş “Dəyirmi masa” ətrafında bir araya gəlmişlər. Direktor Ceyran Kuliyeva tədbir iştirakçılarını, rus, türk və azərbaycanlı məktəbliləri salamlayaraq, öz məramına görə cəmiyyətdə böyük marağa səbəb olan qardaşlaşma təşəbbüsünün müasir dünya insanının ən böyük arzusu olan sülh və əmin-amanlığa xüsusi töhfə verəcəyinə əminliyini bildirmişdir. Layihə iştirakçıları ilkin təəssüratlarını bölüşmüş, yeni dostlar qazanmış, hədiyyələrlə paylaşmışlar. Görüşün fəal iştirakçılarından olan şagirdlərimizin bir qrupu Bakı Slavyan Universitetində “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş - 2016” Beynəlxalq Multikulturalizm Qış məktəbinin iştirakçıları ilə görüşmüş, birlikdə universitetin muzeyində, “Azərbaycanşünaslıq” Tədris Mədəniyyət Mərkəzində, Rusiya Tədris-Mədəniyyət Mərkəzində, Türkiyə Araşdırmaları Mərkəzində olmuş, BSU-nun Akt zalında “Qardaşlaşma Sazişi”nin imzalanma mərasimində iştirak etmişlər.