“Dünya ölkələrinə səyahət” davam edir
Məktəbimizin ibtidai sinif müəllimi Nigar Fiqarovanın “Dünya ölkələrinə səyahət” layihəsi çərçivəsində bu gün ikincilər Almaniyaya səyahət etdilər. Raul və Aylinin hazırladığı təqdimatda Almaniyanın atributları, əhalisi, sənayesi, tarixi abidələri, görməli yerləri, ən böyük şəhərləri, dünyaya bəxş etdiyi dahi bəstəkarları, hətta ibtidai təhsil sistemi barədə maraqlı məlumatlar şagirdlərin diqqətinə çatdırıldı. 2500 - ə yaxın körpüsü olan Hamburq şəhəri, 650 –ə yaxın çeşidli çörək məmulatı, 1500–ə yaxın çeşidi olan kolbasa məmulatları, dünyada ən dar küçə Şproyerxofştrasse yerləşdiyi Roylinqen şəhəri, saqqızın, dünyada ən məşhur avtomobillər - “BMW, AUDI, Mercedec – Benz” – in məkanı Almaniya barədə Raul və Aylinin məlumatları bütün sinif şagirdləri tərəfindən, nəinki maraqla qarşılandı, onlar tərəfindən qeydə alındı və hətta təqdimatdan sonra şagirdlər əldə etdikləri yeni bilgiləri maraqlı cavabları ilə nümayiş etdirə bildilər.
Valideynlərin də bu layihəyə böyük həvəs və məsuliyyətlə yanaşmalarının nəticəsidir ki, belə dərslərdə “səyahət edilən” ölkəyə aid bəzi atributlar – milli geyimlər, milli mətbəxdən nümunələr - ştrudil, Alman piroqu, müxtəlif çeşidli pendirlər, çörəklər, şokoladlar, ölkəyə məxsus məşhur sənaye məmulatları – çini qablar dərs prosesində əyani şəkildə nümayiş etdirilir.
Bu layihə sayəsində şagirdlər təqdimat hazırlama, təqdimetmə, dinləyib – anlama bacarıqlarına yiyələnməklə yanaşı, həm də onlarda ümumi dünyagörüşünün formalaşması təkmilləşir.