Mən xalqımın oğluyamsa, əbədiyəm, əbədiyəm!
“Bəşəriyyət dahilərə, tarixi şəxsiyyətlərə möhtac olduğu qədər də onlara borcludur: yaşarlıq, varlıq, tərəqqi, sivilizasiya üçün. Dahiləri isə dövr, zaman yetişdirir və bir həqiqətdir ki, insanlığın bu uca zirvəsini fəth etmək hər kəsə müyəssər olmur. Buna yalnız ümumbəşəri duyğulara sədaqətlə xidmət edən, bəşəriyyət tərəfindən qəbul olunan parlaq düha, yetkin kamal, dərin zəka sahibləri müvəffəq ola bilərlər.
Polad iradəli, mərdlik timsalı, qətiyyətli və əfsanəvi Heydər Əliyev kimi. Müdrik siyasətçi bizlərə müstəqil dövlətimizin dönməzlik və əbədiliyini, bugünkü zəfərlərini,“Unutmayaq ki, unudulmayaq” kəlamına ehtina zəminində tarix səhifələrinin silinməsini deyil, öyrənilməsi ibrət dərslərinə çevrilməsini tövsiyə edib.
Dünyanı işıqlatmaq üçün qəlbini yaxdın,
Şimşək kimi çaxdın.
Qəlbin alovundan axan amal işığında
Sən əsrinə baxdın.
Çəkdin min ömürlük yükü sən bircə ömürdə
Xalqım – deyə xalq ömrünə ulduz kimi
axdın.
Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə keçirilən tədbirdə səslənən bu fikirlər, şagirdlərin ifasında söylənilən əbədi-bədii parçalar, Ulu Öndərə həsr olunmuş musiqi nömrələri zala toplaşan tədbir iştirakçılarını kövrəltdi. Ulu Öndərin canından artıq sevdiyi müstəqil Azərbaycanın zəfərləri, xoş sabahı, möhtəşəmliyi naminə arzularının onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyevin əməlləri ilə reallaşması isə hər birimizdə qürur hissi oyatdı.