Müəllimlərin peşəkarlıq səviyyəsi artırılır

Müəllim amili təhsilalanın öyrənməsi və inkişafı, nailiyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır. Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır .Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların nailiyyətlərinə əlavə töhfə verirlər. Məktəbimizdə müəllim peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.Məhz elə bu məqsədlə məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbin 40 müəllimi 13 yanvar 2016-cı il tarixindən AMİM təlimçiləri tərəfindən həyata keçirilən 3 aylıq təlimlərə qatıldılar. Təlimlər hər birində 20 nəfər müəllim olmaqla iki qrupda həyata keçirilir və planlaşma, təlim nəticələrinin qoyulması, formativ qiymətləndirmə, sinif müzakirələrinin aparılması, qrup işinin təşkili, sinfin idarə olunması kimi müxtəlif sahələri əhatə edir. İnteraktiv formada keçirilən təlimlərə müəllimlər böyük maraq göstərir və təlim-tədrislə bağlı bir sıra mühüm suallara cavab tapmağa çalışırlar: həm şagirdlərin marağını cəlb edəcək, həm də onların təlim naliyyətlərini qaldıracaq dərsləri necə hazırlamalı, şagirdlərarası əməkdaşlığı necə yaxşılaşdırmalı, çox az resursla yüksək səviyyəli dərsi necə qurmalı və s.Rəhbərliyin və AMİM-in məqsədi təlimlər vasitəsilə şagirdyönümlü dərslərə nail olmaq, şagirdlərimizdə tənqidi düşüncə və problem həlletmə kimi bacarıqların yaradılması, onların vətənpərvər ruhda tərbiyəsi və nəhayətdə, müstəqil öyrənciyə və yüksək mənəviyyatlı şəxsiyyətlərə çevrilməsinə kömək etməkdir.