Qərbi Kaspi Universitetinin Marketinq və İctimaiyyətlə Əlaqələr Mərkəzinin əməkdaşaları məktəbimizdə
Dil haqqında danışarkən, ilk növbədə, söz yada düşür. Çoxlu miqdarda söz bilmədən xarici dili öyrənmək, ondan istifadə etmək mümkün deyil. Əgər öyrəndiyimiz dildə lüğət ehtiyatımız kasıb olarsa, o dilin səs tərkibi və qrammatikasını bilməyimiz heç bir fayda verməz. Belə ki, biz həmin dildə deyilənləri və yazılanları başa düşməz və şübhəsiz ki, danışmağı qəti bacarmarıq. Əlbəttə, dilin səs sistemi və qrammatikasını bilmədən müəyyən miqdarda söz ehtiyatına yiyələnmək də xarici dili öyrənməyi təmin etmir. Yalnız göstərilən üç element birlikdə - bir-biri ilə birləşdikdə dil meydana çıxır. Bəs dilə necə yiyələnməli? Söz ehtiyatını necə zənginləşdirməli? Bu günün məktəblisini düşündürən bu və bu kimi sualları cavablandırmaq, düzgün istiqamətləndirmək məqsədilə Salatın Şıxlinskayanın rəhbərliyi ilə Qərbi Kaspi Universitetinin Marketinq və İctimaiyyətlə əlaqələr Mərkəzinin məktəblilərlə görüşü təşkil edildi. Görüşdə iştirak edən “İngilis dili – ədəbiyyatı və tərcümə Məktəbi ”nin dekanı Haurus Roller şagirdlərlə ingilis dilində birbaşa ünsiyyət quraraq dünyaya inteqrasiya edildiyi bir zamanda xarici dil, xüsusilə, ingilis dilini bilməyin vacibliyini xatırlatmış, öz məsləhətlərini vermiş, təcrübəsi ilə bölüşmüşdür. Tərcüməçi qismində gəlmiş H.Rollerin assistenti tələbə Fatimə Orucovanın köməyinə ehtiyac olmadı. Belə ki, şagirdlər tərcüməçisiz ünsiyyət qurmaqla Rollerdə xoş təəssürat oyatmış oldular. Sonda görüşün fəal iştirakçılarına xatirə hədiyyələri verildi.