Hərəyə bir ağac əkək
“Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir.”
Heydər Əliyev
Məktəbimizin kollektivi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış “Hərəyə bir ağac əkək” layihəsini hamılıqla dəstəkləyir və ona öz töhfəsini verməyə çalışır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini dərk edən və lazımınca dəyərləndirən pedaqoji kollektiv şagirdlər arasında da məqsədyönlü müvafiq iş aparmaqdadır. Belə ki, məktəb ərazisində ağac və bəzək bitkilərinin əkilməsi nəzərdətutulmuşdur. Əsas məqsəd ərazidə yaşıllığın genişləndirilməsidir ki, bu da öz növbəsində şagirdlərin əməyə, zəhmətə alışmasına xidmət edəcək, onlarda estetik zövqün formalaşmasına, həmrəyliyə töhfə vermiş olacaqdır. Artıq kampaniyaya start verilmişdir.Şagirdlər məktəb ərazisində abadlıq yaşıllaşdırma işləri aparmış, ibtidai sinif şagirdləri qızılgül kolları əkmiş və onlara həvəslə qulluq etməkdədirlər. Yuxarı sinif şagirdləri isə ərazidə şam ağacları əkməyi planlaşdırır. Bununla da kollektiv İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Bizim həyət” layihəsini dəstəkləmiş və ona qoşulmuş olur.
Qədim çin atalar sözü bu gün hər kəsin devizi olmalıdır: “Ağac əkmək üçün ən uyğun zaman 20 il əvvəl idi. Növbəti uyğun zaman bu gündür.”