Tariximizin qanlı səhifəsi

İnsan insan olur öz hünəriylə, Millət millət olur xeyri, şəriylə, Torpağın bağrına cəsədləriylə Azadlıq toxumu səpdi şəhidlər. Məktəbdə 20 Yanvar şəhidlərinin xatirəsi hörmətlə anıldı. Məktəbə daxil olan hər kəs ilk növbədə foyedə qırmızı qərənfillərlə bəzədilmiş guşəyə yaxınlaşaraq azadlıq carçılarının xatirəsi önündə ehtiramla baş əyir, bir daha xəyalən o günlərə qayıdır, şagirdlər isə tariximizin şanlı səhifəsini yazan Vətən övladlarının ruhu qarşısında sədaqət andı içirdilər. Məktəbdə bütün 1-ci dərslər tariximizin qanlı və şanlı səhifəsinə - 20 Yanvar hadisələrinə həsr olunmuşdur. Şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmaqla siniflərdə slaydlar, tarixi xronika, filmlərdən kadrlar göstərilmiş, fotolar nümayiş etdirilmiş, tarixi faktlara əsaslanaraq 20 Yanvara aparan yol, faciənin səbəbləri açıqlanmış, şəhidlər və Şəhidlər xiyabanının salınması haqqında məlumat verilmiş, şahidlərin xatirələri “dilə gəlmişdir”. Akt zalında müəllimlərdən İradə Abdullayeva və Lalə Məmmədovanın rəhbərliyi altında 8-11-ci sinif şagirdlərinin iştirakı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təşkil edilmişdir. Məktəbimizin 8a və 9b sinif şagirdləri 19 yanvar 2016-cı il tarixdə Xalça muzeyində Şəhidlərin xatirəsinə həsr edilmiş anım tədbirində də yaxından iştirak etmişlər. Məktəbin bir qrup müəllim və şagirdləri 18 yanvar 2016-cı il tarixdə müqəddəs məkan, and yerimiz olan Şəhidlər xiyabanını ziyarət edib məzarlar üzərinə al qərənfillər düzmüşlər. Bu gün biz bir daha əmin olduq ki, qədirbilən xalqımız – öz şəhid övladlarını, azadlıq uğrunda əbədiyyətə qovuşan oğul-qızlarını heç vaxt unutmayacaq, buna bizim mənəvi haqqımız yoxdur!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi