21 fevral "Beynəlxalq Ana Dili günü"
Bakının Səbayıl rayonunda yerləşən 189-190 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri ilə görüş keçirilmişdir. Görüş nəğməli şeirləri ilə dünyaya səs salan gəncəli şair Mirzə Şəfi Vazehin irsinin öyrənilməsi ilə bağlı idi. Yığıncağı giriş sözü ilə məktəbin ədəbiyyat müəllimi Təranə Rzayeva açdı. O, XIX əsr Azərbaycan şairi M.Ş.Vazeh haqqında qısa danışaraq sözü AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.e.d. Raqub Kərimova verdi. Ədəbiyyatşünas alim R.Kərimov M.Ş.Vazeh haqqında ətraflı məlumat verərək şairin irsinin bu gün də davam etdirildiyindən danışdı, şagirdləri maraqlandıran, Mirzə Şəfi və alman şairi Bodenştedt ilə bağlı hələ də qaranlıq qalan məqamlara aydınlıq gətirdi. İnstitutun elmi işçisi Tünzalə Seyfullayeva M. Şəfinin Əlyazmalar İnstitutunda nadir eksponat kimi mühafizə olunan bir əlyazması və onun möhrünün surətini əyani şəkildə şagirdlərə nümayiş etdirdi və bu eksponatların tapılıb üzə çıxarılması ilə bağlı müfəssəl məlumat verdi. Tədbirə dəvət olunmuş AMEA Nizami adına Ədəbiyyat Muzeyinin elmi işçisi İnarə Səfiyeva, Azad Müllimlər Birliyi təşkilatının idarə heyətinin üzvü Tamella Tağıyeva, “Alman dili” tədrisi mərkəzinin direktoru Zəhra Əliyeva və Alman-Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri Azər Alıyev maraqlı mövzu haqqında öz fikir və mülahizələrini söylədilər.Yığıncaq boyu məktəbli şagirdlər M.Ş.Vazehin alman, ingilis, fars, rus və ana dilimizdə şeirlərini deyib, əyani olaraq rəsmlər və illüstrasiyalar göstərdilər. 150 ildir ki, əsərlərinə müxtəlif xalqların ədibləri tərəfindən yazılmış romanslar, bəstələnmiş mahnılar haqqında geniş məlumat verildi. Sonda tədbirin təşkilatçısı və aparıcısı Təranə Rzayeva məktəbin rəhbərliyi və kollektivi adından gələn qonaqlara öz minnətdarlığını bildirdi.