“Ədibin evi” ilə əməkdaşlıq
Direktor Ceyran xanım Kuliyevanın da iştirak etdiyi növbəti ədəbiyyat dərsi “Ədibin evi”ndə - müqəddəs ocaqda, Mir Cəlal müəllimin pak ruhunun dolaşdığı məkanda keçdi. Məktəbimizin VIII-XI sinif şagirdlərindən təşkil edilmiş “Ədəbiyyat bilicilər”i Dil-ədəbiyyat müəllimi Təranə Rzayeva idarə edirdi. Dərs Mir Cəlal yaradıcılığında önəmli yer tutan hekayə janrına həsr edilmişdi. Mir Cəlal müəllimin həyati mövzulara həsr edilmiş və bu gün də əhəmiyyətini itirməyən hekayələri ilə yaxından tanış olan şagirdlər - Tural, Dilbər, Nigar, Fəxrəddin, Nicat tərəfindən müzakirələrdə irəli sürülən fikirlər diqqət şəkirdi. Yazıçının müxtəlif illərdə və ən müxtəlif mövzularda qələmə aldığı “Bostan oğrusu”,”Həkim Cinayətov”,”Mərkəz adamı”, ”Anket Anketov”, ”Qaymaq”,” İlhamın anası”,”İclas qurusu” kimi hekayələrinin məqsəd və məramı,tənqid obyekti şagirdlər tərəfindən təhlil edildi. Dərsdə diqqətçəkən daha bir məqam təhlil zamanı iki dahi hekayə ustasının – Cəlil Məmmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyevin klassik hekayələrinə müraciət edilməsi oldu. “Poçt qutusu”,”Qurbanəli bəy”,”Saqqallı uşaq”,”Bomba”,”Diş ağrısı”,”Mirzə Səfər” kimi hekayələrdəki gülüş hədəfləri, cəhalət qurbanları, əsərlərin ideyası şagirdlər tərəfindən hərtərəfli təhlil edildi. Dərsin bu şəkildə qurulması təsadüfi deyildi. Belə ki, həyatilik, varliğın obyektiv, realist təsviri, orijinal komizm, milli kolorit hər üç yazıçının yaradıcılığında əsas yer tutur. Təhlil zamanı “Poçt qutusu” və Ə.Haqverdiyevin hekayələri əsasında çəkilmiş “Papaq” filmindən fraqmentlər göstərildi. 11-ci sinif şagirdləri Fatehin “Bomba”, İbrahimin isə “İclas qurusu” hekayəsini obrazların xarakterinə uyğun məharətlə qiraət etməsi, Xalidənin pianoda ifası dərsə xüsusi rəng qatmış oldu. Ceyran xanımın müzakirəyə qatılması dinamizmi artırdı, dərsin daha canlı keçməsinə səbəb oldu.Dərsin uğurlu alınmasında Dil-ədəbiyyat müəllimi Şəhri Hümbətovanın da rolu danılmazdır. Dərsdən sonra şagirdlər “Ədibin evi”ni gəzmiş, Mir Cəlalın həyat və yaradıcılığını fotolar, sənədlər vasitəsilə öyrənmək imkanı əldə etmiş oldular. Mir Cəlal ocağında xatirə şəkilləri çəkdirildi. Sonda məktəb rəhbərliyi maraqlı dərsin təşkilinə və “Ədibin evi” ilə yaxından tanışlığa və gələcək əməkdaşlığa görə muzeyin əməkdaşı Elnur müəllimə təşəkkürünü bildirdi.