Qrand layihənin yekun konfransı

Məktəbimiz Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə qatılaraq “Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması” mövzusunda layihənin qalibi oldu.
Layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, şagird portfoliolarının yaradılması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin səmərəli və məqsədyönlü qurulması və hesabatlılığın təmin olunmasıdır.
Layihə Bakı şəhərinin 11 məktəb psixoloqundan ibarət mentor qrupu və beynəlxalq ekspert Anna Antonovanın 3 aylıq fəaliyyəti dövründə bir çox məsələlər üzərində çalışmış, nəticədə layihənin yekununda layihə iştirakçıları tərəfindən aşağıdakı sənədlər hazırlanmışdır:
Məktəb psixoloqunun fəaliyyət planı
Məktəb psixoloqunun qeydiyyat jurnalı
Şagirdin psixoloji xəritəsi
Psixoloq tərəfindən aparılan sorğu və testlərin protokollaşdırılıması
Şagird portfoliosu
Layihə çərçivəsində cəmiyyətdə məktəb psixoloqunun fəaliyyətinin düzgün işıqlandırılması məqsədiylə video-çarx, eləcə də, www.mpxerite.com domen adlı proqram hazırlanmışdır.
22 dekabr 2017–ci il tarixdə Pullman otelində layihənin yekun konfransı keçirilmişdir. Konfransda Təhsil Nazirliyinin DY- institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Xüsusi Təhsil şöbəsinin müdiri Anar Xələfov, İnkişaf Proqramları şöbəsinin əməkdaşı Orxan Abbasov, BŞTİ–nin sektor müdirləri İlhamə Abdullayeva və Anar Qədiməliyev, Tİ–nun direktor müavini Rafiq Qəndilov, mərkəz direktoru Faiq Şahbazlı, şöbə müdirləri Asif Hacıyev və Piralı Əliyev, TİPİİ–nin direktoru Vəfa Yaqublu, direktor müavini Nəzakət Mehdiyeva, BDU–nin professoru, sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə, məktəb direktorları və məktəb psixoloqları iştirak etmişlər.
Layihə rəhbərinin hesabatı və beynəlxalq ekspert Anna Antonovanın məruzəsi professor Hikmət Əlizadə və AMİM təşkilatının təlimçisi Antonina Raxmatova, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veysova tərəfindən yüksək dəyərləndirildi və bu layihənin məktəblərdə psixoloji xidmətin təşkili və effektivliyinin artırılmasına xüsusi töhvə verəcəyinə əminlik yaratdı.
Konfransda eyni zamanda layihə çərçivəsində hazırlanmış www.mpxerite.com domen adlı proqramın layihə iştirakçısı 36№–li məktəbin psixoloqu Ofeliya Qasımova tərəfindən təqdimatı həyata keçirildi.
Layihə rəhbəri sonda Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin təşkilinə və pedaqoji kollektivlərin və ayrı–ayrı təhsil işçilərinin belə müsabiqələrdəki uğurlu və səmərəli fəaliyyətinə imkan yaratdıqlarına görə Təhsil Nazirliyi və BŞTİ rəhbərliyinə öz minnətdarlığını bildirdi.