UNİCEF–in nümayəndələri məktəbimizdə

2016/2017-ci tədris ilindən ümumtəhsil məktəblərində beşyaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılmışdır. Bu dərs ilində məktəbimizdə 3 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qrupları yaradılmış bütün ümumtəhsil məktəblərində olduğu kimi, bizim məktəbimizdə də lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görülmüş, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlərimiz tədris planı və proqrama uyğun öyrədici təlimlər keçmişlər. Məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsi nəzərdə tutulduğundan, builki qruplar daha təcrübəli müəllimlərə həvalə olunmuşdur.
21.11.2017–ci il tarixdə UNİCEF–in Avropa və Asiya Regionları üzrə Direktoru Afshan Khan UNİCEF–in dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil sisteminə daxil edilmiş məktəbəhazırlıq proqramının təşkili vəziyyətini öyrənmək məqsədiylə məktəbimizdə olmuşdur. Görüş zamanı beşyaşlıların məşğələsində iştirak edən nümayəndə heyəti, eyni zamanda, müəllim, həm də valideynlərlə görüşmüş, valideynlərin məmnunluğunun şahidi olmuş, dərs (məşğələ) prosesində şagirdlərin fəallığı, hazırcavablığı, təşəbbüskarlığı, mədəni davranışı onları çox razı salmışdır.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmirullayevin və BŞTİ–nin müdiri Məhəbbət xanım Vəliyevanın da iştirak etdiyi bu tədbirdən qonaqlar məmnun ayrıldılar.
Növbəti gün UNİCEF–in Avropa və Asiya Regionları üzrə Direktoru Afshan Khan tərəfindən məktəb rəhbərliyinə görüşün yüksək səviyyədə təşkili ilə bağlı təşəkkür məktubu göndərildi.