Məktəbimizin şagirdi Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumu keçirilib.
Məktəbimizin XI sinif şagirdi Validə Abbasova bu forumda iştirak edib.
Tədbirdən əvvəl Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunun iştirakçıları Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, eləcə də ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram əlaməti olaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Forum Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, liderlik keyfiyyətlərinə məxsus 6-18 yaş arası 380 uşağın iştirakı ilə keçirilib.
Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətli idi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Ümumrespublika Uşaq Forumu iştirakçılarına təbrik məktubu forum iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Forum iştirakçılarının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycanın bütün bölgələrindən gətirilmiş torpaqlarla hazırlanmış ölkəmizin xəritəsinin hədiyyə olunması bugünkü gəncliyin vətənpərvərlik hisslərinin yüksək səviyyədə formalaşmasından xəbər verirdi. Forumdan sonra öz həmyaşıdları , sinif yoldaşları ilə təəssüratlarını bölüşən Validə sanki bu günlər ərzində daha da kamilləşmiş, özünə inamı daha da artmışdı.
Gənclərimizə bu yolda uğurlar diləyirik!