Hüseyn Cavidin ev muzeyinə ekskursiya

Qeyri-maddi mədəni irsin qorunması,təbliği və nəsillərə ötürülməsi işində muzeylərin rolu əvəzsizdir. Bu mənada ev-muzeyləri müstəsna əhəmiyyətə malikdir.Tədris proqramına daxil olan Azərbaycan şair, yazıçı və dramaturqlarının həyat və yaradıcılığının öyrənilməsində ev muzeyləri ən münasib “əyani vəsait”dir. Atalar demişkən, yüz eşitməkdənsə, bir görmək yaxşıdır.  Bu prinsipə əsaslanaraq şagirdlərimiz N.Nərimanov, S.Vurğun, C.Məmmədquluzadə, A.Şaiq, Ü.Hacıbəyov kimi şəxsiyyətlərin ev muzeylərində olmuş, kifayət qədər maraqlı, dəyərli məlumatlar əldə etmişlər. Baş çəkdiyimiz növbəti muzey 24.10.2017-ci il tarixli Prezident Sərəncamı ilə bu il anadan olmasının 135 illiyi qeyd olunan, “Mənim tanrım gözəllikdir, sevgidir....” – deyən “səma şairi” dahi Hüseyn Cavidin ev muzeyi oldu.

Yubiley ərəfəsində məktəbimizin 11f sinif şagirdləri Azərbaycan dili müəllimi Təranə Rzayeva ilə birlikdə Cavidlərin xoşbəxt günlərinin şahidi olan,  İstiqlaliyyət küçəsi 8 ünvanında yerləşən mənzilində “qonaq” oldular. Cavidlərin və daha neçə-neçə tarixi şəxsiyyətin ruhu dolaşan bu bina ilk növbədə möhtəşəmliyi və maraqlı tarixçəsi ilə diqqət çəkdi. Hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina xeyriyyəçi, el atası Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə 1898-1901-ci illərdə tikilmiş və müsəlman qızlar məktəbinin binası kimi istifadə edilmiş, sonralar Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də bu binada yerləşmişdir. Cavid Əfəndi 1920-ci ildən 1937-ci ilə qədər binanın 3-cü mərtəbəsindəki kiçik bir mənzildə yaşayıb yaratmışdır. Cavidlərin – repressiya qurbanı Hüseyn Cavid, ömür-gün yoldaşı Müşkünaz Cavid, vaxtsız dünyasını dəyişmiş istedadlı gənc bəstəkar Ərtoğrul Cavid və fədakar Turan Cavidin keçdiyi ağır, lakin şərəfli həyat yolu şagirdlərin yaddaşında dərin iz buraxmış oldu.  Cavid  “Dünya qoca bir səhnə demək...”- deyirdi. Və bu qoca dünyanın səhnəsindən  Cavidlərin hər biri  ləyaqətlə keçdi.  Cavidə və Cavid ailəsinə məxsus maraqlı eksponatlar, şəxsi əşyalar - kreslo, sandıq və yemək masası, hansı ki, Cavid həbs olunarkən əlyazmalarının bir qismi həmin masanın siyirmələrində olub və bu yolla xilas olub,  Hüseyn Cavidin müxtəlif dövrlərdə çəkdirdiyi maraqlı fotolar və əsərlərinin əlyazmaları, şəxsi kitabxanasına daxil olan kitablar, istifadə etdiyi yazı masası, qələm, mürəkkəbqabı, eynək, saat, həyat yoldaşına məxsus tikiş maşını, oğlu Ərtoğrulun şəxsi əşyaları, not yazıları, rəsmləri, yazı masası ....  şagirdlərdə maraq doğurdu və bütövlükdə Cavidlər haqqında dolğun təsəvvür yaratmış oldu. Sonda görüşdən mütəəsirlənmiş şagirdlər və Təranə xanım müzeyin xatirə kitabına öz ürək sözlərini yazdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi