«Psixolojı xidmətin təşkili və effektivliyinin artırılması» layihəsinin icrasina başlamışıq

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olaraq «Psixolojı xidmətin təşkili və effektivliyinin artırılması» layihəsinin icrasina başlamışıq. Layihənin həyata keçirilməsinin əsas məqsədi məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, şagird portfoliolarının yaradılması, psixoloqların məktəb mühitini düzgün analiz etmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin qurulması və hesabatlılığın təmin olunmasıdır. Layihədə nəzərdə tutulduğu kimi artıq Bakı şəhərinin 10 məktəbinin psixoloqu seçilib, onlarla 4 görüş keçirilib,onlara layihə barədə ətraflı məlumat verilib. Seçilmiş 11 nəfər iştirakçının ekspert, Rusiya Federasiyasından psixoloq Anna Antonova tərəfindən onlayn ilkin qiymətləndirilməsi (pre test) aparılıb. Artıq 3-cü gündür ki, ekspert Anna Antonova treninqlərə başlayıb. Təlimin ilk günü mövcud problemlər araşdırılaraq üzə çıxarılmış, digər günlər isə ona uyğun şəkildə seminarlar keçirilmişdir. 3 günlük seminarın yekununda ekspert tərəfindən müvafiq tapşırıqlar veriləcəkdir. 3 gün keçirilən seminarın ardından tapşırıqların reallaşdırılacağı 3 ay ərzində ortaq qərarlar araşdırılacaq, şəbəkə ilə onlayn ünsiyyət davam etdiriləcəkdir. Burada psixoloqların işləri təhlil olunacaq və ekspert bütün hazırlanan materiallara, eyni zamanda təhlillərə rəy bildirəcəkdir və onlara düzgün istiqamət verəcəkdir. Layihənin icrasına başlanılan tarixdən 1,5 ay sonra mövcud problemlərlə daha yaxından tanış olan ekspertin Bakıya 2 günlük səfəri təşkil olunacaqdır. Səfər müddətində növbəti 2 tam günlük təlim keçiriləcəkdir. Ümilikdə layihənin icra olunacağı 3 ay ərzində yaradılan monitorinq qrup tərəfindən mütəmadi olaraq layihənin izlənilməsi və monitorinqi həyata keçiriləcəkdir. Layihə iştirakçısı olan 11 nəfər psixoloqdan ibarət mentor qrupu yaradılacaqdır ki, bu qrup layihənin icra müddəti bitdikdən Bakı şəhərində fəaliyyət göstərən digər məktəb psixoloqları ilə sıx əlaqə yaradaraq təcrübə mübadiləsində iştirak edəcək və sonra da öz lazımi fəaliyyətlərini davam etdirəcəkdir. Bu qrupa həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin 2 nəfər psixoloqu da rəhbərlik edəcəkdir. Layihədə iştirak etmiş məktəb psixoloqları ümumtəhsil məktəblərində psixoloji işin düzgün qurulması istiqamətində önəmli addım atmış olacaqlar. Belə ki, onlar peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, layihənin icrası məktəbdə psixoloji mühitin formalaşmasına da öz müsbət təsirini göstərəcəkdir.