“Uşaq şairi olmaq yox, uşaq şairi kimi doğulmaq lazımdır” V.Q.Belinski

IV Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Uşaq Ədəbiyyatı Xəzinəsindən” seriyası adı altında nəşr olunmuş “İlyas Tapdıq Biblioqrafiya” kitabının təqdimatı keçirildi. Təqdimatda ön sözün müəllifi uşaq yazıçısı professor Zahid Xəlil, şair və tərcüməçi Vaqif Bəhmənli, uşaq yazıçılarından Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Aygün Bünyatzadə, xalq rəssamı Arif Hüseynov, media nümayəndələri, kitabxana işçiləri iştirak edirdi. Sevimli şairin 80 illik yubileyi münasibətilə tərtib edilmiş kitabın təqdimat mərasimində onun daimi oxucuları - şeirlərini sevə-sevə oxuyan, həvəslə zbərləyən və onları xüsusi şirinliklə söyləyən məktəblilər 189-190 №-li tam orta məktəbin 2b sinif şagirdləri iştirak edirdi. Söylənən şeirlər hər kəsi son dərəcə səmimi, həssas, özünəməxsus poetik İlyas Tapdıq dünyasına apardı. Şeirlər də uşaqların özü kimi təbii, saf və sadə idi. Şairin təbiət hadisələrinə - ağaca, torpağa, çiçəklərə, Xəzərə, küləyə, yağışa həsr etdiyi ürəkdən gələn, ürəyə axan şeirləri, bənzərsiz poeziyası hər kəsi qayğısız uşaqlıq illərinə qaytardı. 2b sinif şagirdləri Azərbaycan ədəbiyyyatının ən gözəl incilərindən hesab edilən “Balaca Tural”, “Meşənin mahnısı” , “Çiçəklərim, güllərim”, “Şıltaq Günəş”, “Baba və Mehriban”, “Balaca sağıcı”, “Ayı kim sındırıb”, “Günlərin adı” şeirlərini həvəslə ifa etdilər. Süjetli şeir olan “Çimnaz oynayır” və “Qoçaq Dovşan” adlı nağılından səhnəciklər göstərildi. Şagirdlərin hər birinin çıxışı alqışlarla qarşılandı. Bu alqışlardan sinif rəhbəri Nərgiz Məmmədovaya da pay düşdü. Sonda şagirdlərin hər birinə “Göy qurşağı” jurnalı və uşaq kitabları hədiyyə edildi.