Onbirincilər C.Cabbarlının “Almaz” tamaşasında

Şagirdlərdə mütaliə vərdişləri, mütaliə mədəniyyəti formalaşdırmaq, bədii ədəbiyyata, qiraətə həvəs oyatmaq bu gün Dil-ədəbiyyat müəllimləri qarşısında duran ümdə vəzifələrdən biridir. Mütaliənin əhəmiyyətini nəzəri cəhətdən hər bir müəllim əsaslandırmağı bacarar. Əməli işə gəlincə, bunun kifayət etmədiyinin şahidi oluruq. Bəs nə etməli? Bugünkü məktəblini necə maraqlandırmalı? İnformasiyanın və informasiya mənbələrinin bol, məktəblinin isə zaman etibarilə məhdud imkana malik olduğu bir şəraitdə buna necə nail olmalı? Məqsədə nail olmaq üçün təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, mövzudan, bədii əsərin janrından saılı olaraq bir neçə üsuldan istifadə etmək lazım gəldi. Bəlağətli oxu, rollar üzrə oxu,əsərin müəyyən bir hissəsinin səhnələşdirilməsi, əsərin ən maraqlı, hadisələrin düyünləndiyi bir hissəsinin nəql edilməsi ilə şagirdi “intizarda” qoymaq, bədii əsər əsasında çəkilmiş televiziya tamaşasına, bədii filmə, teatr tamaşasına baxış məqsədə nail olmaqda yardımçıdır. Bu günlərdə məktəbin rus bölməsinin 11f sinif şagirdləri Azərbaycan Dövlət Dram Teatrında dramatugiyamızın şah əsərlərindən olan C.Cabbarlının “Almaz” tamaşasını izlədilər. Onbirincilərin vaxtlarının məhdud olmasını nəzərə alsaq, onlara əsərlə daha yaxından tanış olmaq üçün onu mütaliə etməyi tapşırmaq ədalətsizlik olardı. Təcrübəli aktyor heyətinin iştirakı ilə “Almaz” pyesinin tamaşasını izləmək şagirdlərin həm Azərbaycan dramaturgiyasına, dramaturqlarına qarşı marağını artırdı, eləcə də onlar səmərəli və unudulmaz vaxt keçirmiş oldular. Şagirdlərin tamaşadan çox məmnun qaldıqları aşkardır. Belə ki, onbirincilərin artıq öz “repertuar”ları var. Onlar “Aydın”, “Şeyx Sənan” kimi digər səhnə əsərlərini də izləmək arzusundadırlar.