Dərslərimizin tədris məkanı dəyişir

Məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbimizin müəllimləri artıq tədris prosesini yalnız məktəb, sinif şəraitində deyil, muzeylərdə təşkil etməyi qərara alıblar. 17.10.2017-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Natəvan Həsənova V a sinfində “İsgəndərin taxta çıxması”, Arzu İbrahimova isə X a sinfində “İsgəndərnamə” poeması mövzusundakı dərslərini Nizami muzeyində reallaşdırdılar. Şagirdlər bu dərslərə böyük həvəslə hazırlaşmış, dərslikdəki materiallarla bərabər, əlavə məlumatlar toplamışlar. Uşaqlarımızın yüksək səviyyədə hazırlığı, onların mövzu ilə bağlı müəllim və əməkdaşlara ünvanladığı maraqlı suallar, eləcə də, şagirdlərin onlara ünvanlanan sualları düzgün cavablandırması muzey əməkdaşlarını, həqiqətən də, yaxşı mənada təəccübləndirdi. Ekskursiya ərzində şagirdlərimiz verilən məlumatları diqqətlə dinlədi, Nizaminin yaradıcılığı, "Xəmsə"si haqqında əlavə məlumatlar qazanmağa böyük səy göstərdilər. Muzeydə təşkil olunan dərslər tam fərqli keçdi. Eksponatlar, qədim əşyalar, şəkillər şagirdlər üçün nə qədər də maraqlı idi. Hər şey çox gözəl oldu. Amma bir istəyimiz baş tutmadı. Muzeydəki dərs prosesindən xatirə şəkilləri çəkilməsinə icazə verilmədi. Bütün bunlara baxmayaraq, muzeydən çıxanda şagirdlərimizin üzündəki təbəssüm, onların mənəvi cəhətdən zənginləşməsi, müəllimlərə ünvanlanan çoxsaylı sualları fənn müəllimlərimizdə seçilmiş metodun uğuruna əminlik yaratdı. Geri qayıdarkən dahi Nizaminin heykəli qarşısında şəkil çəkdirildi. Muzeylə bağlı təəssüratımız çox yüksək oldu. Belə dərslərin təşkil olunması çox vacibdir. Çünki şagirdlərin dünyagörüşünün formalaşmasında, eyni zamanda, şagirdlərdə etik normaların, özünütəbliğ və aid olduğu kollektivi yüksək səviyyədə təmsiletmə keyfiyyətlərinə yiyələnmələrində əvəzsiz rol oynayır.