“Öyrənmək, axıntıya qarşı üzmək kimidir".
“Öyrənmək, axıntıya qarşı üzmək kimidir, irəliləyə bilmədiyiniz təqdirdə geriləyərsiz” Çin atalar sözü 2015-ci il 31 avqust -7 sentyabr tarixlərdə Azərbaycanın dilbər guşələrindən biri olan Qubada Təhsil Nazirliyinin və Fransanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə təcrübəli və nümunəvi məktəb direktorları üçün təlimlər keçirildi. Təlimlərə Bakı, Sumqayıt, Neftçala, Zaqatala və Ağdaşdan olan məktəb direktorları qatılmışdı. Təlimlərdə məqsəd məktəb direktorlarına yeni idarəetmə metodlarını öyrətmək və liderlik keyfiyyətləri aşılamaqdan ibarət idi. Məktəb rəhbərlərinə təlim edilən yeni sistemin şagird-müəllim ənənələrini dəyişəcəyinə inam yaradır.Təlimdə həm də məktəb rəhbərliyi tərəfindən şagirdlərə müstəqillik verilməsi, onlarda liderlik qabiliyyəti aşılamaq kimi məsələlər ətrafında müzakirələrə geniş meydan verilmişdi. Təlimlərdə beynəlxalq təcrübəyə üstünlük verilmiş, həmkarlar təcrübə mübadiləsi etmiş, iş təcrübələri ilə bölüşmüşlər. Belə ki, əvvəlki təhsil sistemində uşaqlara hazır təhsil və bilik verilirdisə, müasir təhsil düşündürmək, yaradıcılıq tələb edir. “Məktəb menecerləri hazırlığı” adlı bu mötəbər Beynəlxalq təlimdə məktəbimizin direktoru Əməkdar müəllim Ceyran xanım Kuliyeva da iştirak edirdi.