“Sağlam həyat tərzi” mövzusunda ekskursiyaların təşkili

“Təhsili Dəyərə çevirək ” devizi altında “Ekoloji aylıqlar” layihəsi davam edir. “Sağlam həyat tərzi” movzusu ilə bağlı məktəbimizin şagirdlərinin Mərdəkan Dendrarisinə ekskursiyası təşkil olunmuşdur.Ekskursiyanın əsas məqsədi təmiz hava, torpaq və suyun canlılara müsbət təsirini müşahidə etmək və öyrənmək idi.Şagirdlər Dendrarinin elmi işçilərinin təşəbbüsü ilə nadir ağac növləri və endemic bitkilərlə tanış oldular.Əsası XIX əsrin sonlarında qoyulan bu təbii ekoloji bağda müxtəlif qitələrdən gətirilmiş və iqlimə uyğunlaşmış neçə-neçə bitki növləri var. Dendrarinin ətrafında bu möhtəşəm yaşıllığın nəticəsində təmiz ekoloji hava hökm sürür. Bu park istirahət mərkəzi kimi də insanların istifadəsinə verilib. Dendraridə şagirdlərə eyni zamanda çılpaq toxumlu ağacların yarpaqları tərəfindən ifraz olunan fitonsidlərin havanın təmizləməsində rolu barədə məlumat verildi. Burada fəaliyyətdə olan təbii su qaynaqlarından çıxarılan suyun müalicəvi xüsusiyyətləri ilə şagirdlər tanış oldular. Bu parka məxsus olan səciyyəvi xüsusiyyətlərdən biri də bağda heç bir kimyəvi gübrələrdən istifadə olunmaması idi. Bu ekskursiyadan sonra şagirdlər bir daha əmin oldular ki, təmiz hava, su və torpaq insan sağlamlığının əsasını təşkil edir.