“Uşaqların internet təhlükəsizliyi”
XX əsrin ən böyük kəşflərindən biri hesab edilən kompüter texnologiyası bəşəriyyətə hələ məlum olmayan böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici qüvvəsinə, həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada kompüter texnologiyası tətbiq edilməsin. XXI əsr texnologiyalar dövründə internetin insan həyatındakı böyük rolu danılmazdır. Lakin ümumdünya şəbəkəsinin üstün cəhətləri ilə yanaşı mənfi cəhətləri da yox deyil. Onlardan biri də internetin uşaqlar üçün müəyyən təhlükə daşımasıdır. Əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da bu məsələyə xüsusi önəm verilir,konfranslar keçirilir, problemin həlli yolları araşdırılır. Hər zaman aktual , həlli vacib məsələləri gündəmə gətirən , müxtəlif maarifləndirici layihələrlə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında “Ailə, qadın, uşaq problemləri Dövlət Komitəsi”-nin “Uşaqların internet təhlükəsizliyi” mövzusunda keçirdiyi tədbirdə 189-190 N-li məktəbi mən – Zərbəliyeva Ayna təmsil edirdim. Konfransda Bakı şəhəri ilə yanaşı respublikamızın müxtəlif bölgələrindən gəlmiş 40-a yaxın şagird iştirak edirdi. Biz bir-birimizlə bölüşür, maraqlı fikir və təkliflərlə çıxış edir, problemin həlli yollarını müzakirə edirdik. Sonda konfrans iştirakçısı olmuş hər bir məktəbliyə Sertifikat təqdim edildi. Konfrans iştirakçılarından 3 nəfər “Fəal iştirakçı” adına layiq görüldü. Onlardan biri də mən idim. Mənə Azərbaycan uşaq və gənclərinin təhlükəsizliyinin təmin olunmasında iştirak etmək şansı verdiyi və etibar edərək yüksək etimad göstərdiyi üçün 189-190 N-li məktəbin rəhbərliyinə, eləcə də “Ailə, qadın, uşaq problemləri Dövlət komitəsi”-nə minnətdaram.